
Bakı.Trend:
İqtisadiyyat Nazirliyində Ərəb Koordinasiya Qrupuna (ƏKQ) daxil
olan İslam İnkişaf Bankı Qrupu, Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb
İqtisadi İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu və Beynəlxalq
İnkişaf üzrə OPEC Fondunun ekspertlərindən ibarət nümayəndə heyəti
ilə görüş keçirilib.
Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən
xəbər verir.
“Görüşdə ölkəmizin Qrupa daxil olan maliyyə institutları ilə
uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Azərbaycanda
biznesin inkişafı və investisiya qoyuluşları üçün yaradılmış
əlverişli işgüzar mühit, potensial investisiya sahələri barədə
məlumat verilib.
Nümayəndə heyəti Ərəb Koordinasiya Qrupunun Azərbaycanla
əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirib. 2026-cı
ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının
Azərbaycanda keçirilməsinin tərəfdaşlığın gücləndirilməsi
baxımından əhəmiyyəti qeyd edilib”, – deyə məlumatda qeyd
edilib.
Görüşdə mövcud işbirliyinin genişləndirilməsi və dövlət
zəmanətli investisiya layihələrinin həyata keçirilməsi imkanları
müzakirə edilib. Ərəb Koordinasiya Qrupunun dövlət zəmanətli
investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştiraka
hazır olduğu nəzərə çatdırılıb.