Naxçıvanda “yaşıl nəqliyyat” dövrü başlayır (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

Naxçıvan şəhərinin küçələrində yaxın vaxtlarda sakit, ekoloji
təmiz və ağıllı avtobuslar hərəkət edəcək.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib
ki, muxtar respublikada nəqliyyat sisteminin təhlükəsizliyinin
artırılması, atmosferə atılan tullantıların azaldılması və ekoloji
mühitin yaxşılaşdırılması məqsədilə şəhərə 60 ədəd elektrik
mühərrikli avtobus gətiriləcək.

Avtobuslar ilkin olaraq sınaq müddətində yoxlanıldıqdan sonra
şəhərin ictimai nəqliyyat marşrutlarında istifadəyə veriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart
2025-ci il tarixli sərəncamına əsasən, Naxçıvan şəhərində
sərnişindaşımaların yalnız elektrik mühərrikli avtobuslarla həyata
keçirilməsi, enerji doldurma avadanlıqlarının quraşdırılması,
həmçinin bu avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə
depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu məqsədlə, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi
çərçivəsində Prezidentin müvafiq fərmanına uyğun olaraq “Baku Bus”
MMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb.




Hazırda görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Avtomobil
Nəqliyyatı Agentliyi” PHŞ-nin balansındakı əmlak kompleksinin bir
hissəsi qanunvericiliyə uyğun olaraq “Baku Bus” MMC-nin
istifadəsinə verilib.

“Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanılmış
müqaviləyə əsasən, yeni gətiriləcək BYD markalı elektrik
avtobusları 8,7 metr uzunluğa, 226 kVt gücündə batareyaya malikdir
və tam enerji ilə 240 kilometr məsafə qət edə bilir.

Layihə çərçivəsində qaraj ərazisində avtobusların enerji
təchizatını təmin etmək məqsədilə 6 MVA gücündə 35/0,4 kV-luq
transformator məntəqəsi inşa olunacaq. Bundan əlavə, qaraj
daxilində 13 ədəd (onlardan 10-u bu il alınacaq avtobuslar, 3-ü isə
gələcəkdə alınacaq avtobuslar üçün nəzərdə tutulub) 320 kVt-lıq
sürətli enerji doldurma cihazı quraşdırılacaq. Marşrut xətlərinin
son dayanacaqlarında isə əlavə 4 ədəd analoji cihaz quraşdırılması
planlaşdırılır. Beləliklə, ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətli
enerji doldurma cihazı istifadəyə veriləcək.

Layihənin cari ilin sonunadək tam başa çatdırılması
planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir