İEÖ və İEOÖ üzrə iqtisadi artım proqnozları açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) iyul ayında dərc etdiyi
“Qlobal İqtisadi İcmal” hesabatına əsasən qlobal iqtisadi artım
tempinin 2025-ci ildə 3% və 2026-cı ildə 3.1% səviyyəsində olacağı
proqnozlaşdırılır. Bu da 2000-2019-cu illər üzrə tarixi orta
göstərici olan 3.7%-dən aşağıdır.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Proqnozlar 2025 və 2026-cı illər üzrə ötən proqnozla müqayisədə
müvafiq olaraq 0.2% və 0.1% bəndi artırılıb.

“Proqnozların yüksəldilməsi yüksək tarif artımları fonunda
gözləniləndən daha effektiv ilkin tədbirlərin görülməsi, ABŞ
dollarının zəifləməsi ilə maliyyə şərtlərinin yaxşılaşması və bəzi
əsas iqtisadiyyatlarda fiskal genişlənmə iləəlaqələndirilir.
Ümumilikdə, iqtisadi artımın ötən illə müqayisədə aşağı olsa da
2025-26-cı illərdə davam edəcəyi gözlənilir. Bununla yanaşı qlobal
inflyasiya proseslərinin ortamüddətli dövrdə bir qədər səngiyəcəyi
proqnoz edilir. Bu azalma tempinin trayektoriyası 2025-ci ilin
aprel ayında verilmiş proqnozlara olduqca yaxındır”, – deyə
məlumatda vurğulanıb.

Bildirilib ki, yenilənmiş hesabata əsasən öncəki proqnozda
nəzərdə tutulandan daha aşağı qlobal effektiv tarif dərəcəsinin
formalaşması və tariflərin tətbiqindən öncə güclü yüklənmənin
olması inkişaf etmiş ölkələr (İEÖ) və inkişaf etməkdə olan ölkələr
(İEOÖ) üzrə proqnozların yuxarı doğru dəyişdirilməsinə təkan
verib.
Ümumilikdə, İEÖ qrupu üzrə iqtisadi artım proqnozları 2025 və
2026-cı illər üzrə 0.1 faiz bəndi artırılaraq cari il üzrə 1.5%,
2026-cı il üzrə isə 1.6% səviyyəsində müəyyən olunub.

Qeyd edilib ki, proqnozlar cüzi artım istiqamətli olsa belə, İEÖ
qrupunda iqtisadi artımın cari və növbəti illərdə ötən illə
müqayisədə daha aşağı olacağı gözlənilir.




“ABŞ-də iqtisadi artımın 2025-ci ildə 1.9%, 2026-cı ildə isə 2%
olacağı proqnoz edilir. Bu da ötən illə müqayisədə aşağı olsa da
ötən proqnozla müqayisədə müvafiq olaraq 0.1 və 0.3 faiz bəndi
yuxarıdır. Cari ildə proqnozun artırılmasının əsas səbəbləri tarif
dərəcələrinin apreldə elan ediləndən daha aşağı səviyyədə qalması
və maliyyə şəraitinin yumşalmasıdır.

Növbəti il üzrə artımı dəstəkləyəcək əsas amil isə fiskal sahədə
qəbul edilən yeni qanun aktının vergi siyasəti vasitəsilə
korporativ investisiyalara təsiridir.

Avrozona iqtisadiyyatının 2025-ci ildə 1%, 2026-cı ildə isə bir
qədər yüksələrək 1.2% olacağı proqnoz edilir. Cari il üzrə proqnoz
0.2

faiz bəndi artırılıb. Artım, əsasən, İrlandiyada ilin I rübündə
ÜDM-in yüksək artımı ilə əlaqədardır. 2026-cı il üzrə proqnozda hər
hansı bir dəyişiklik edilməmiş, iqtisadiyyatın potensialına uyğun
artacağı gözlənilir”, – məlumatda bildirilib.

Vurğulanıb ki, İEOÖ üzrə iqtisadi artım proqnozları 2024-cü
ildəki 4.3%-lik artımla müqayisədə hələ də aşağıdır. Proqnozların
2025-ci ildə 4.1%, 2026-cı ildə isə 4% olacağı gözlənilir.

Aprel hesabatı ilə müqayisədə iyulda proqnozlar müvafiq olaraq
0.4 və 0.1 faiz bəndi artırılıb.