SOCAR Türkiyə ilə Türk Hava Yolları arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat

Bakı.Trend:

SOCAR Türkiyə şirkətinin baş direktoru Elçin İbadov və Türk Hava
Yollarının baş direktoru Bilal Ekşi SOCAR Türkiyə ilə Türk Hava
Yolları arasında Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsində
əməkdaşlığı əhatə edən Anlaşma Memorandumu imzalayıblar.

Bu barədə Trend SOCAR Türkiyəyə istinadən xəbər verir.




Məlumata görə, bu, Türk Hava Yolları ilə mövcud reaktiv yanacaq
əməkdaşlığını SAF sahəsinə qədər genişləndirəcək, eyni zamanda
regional davamlılıq məqsədlərinə yönəlmiş daha geniş layihələrin
həyata keçirilməsi üçün zəmin yaradacaq.

“Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29-da qeyd
etdiyimiz davamlılıq vizyonumuzu Türkiyədə konkret layihələrlə
həyata keçirməkdən qürur duyuruq. Qrup şirkətimiz STAR Refinery-nin
yüksək istehsal gücü, qabaqcıl emal texnologiyaları,
rəqəmsallaşmaya yönəlmiş müasir əməliyyatlar və Ar-Ge səylərimiz
sayəsində SAF istehsalında güclü və rəqabətə davamlı
infrastrukturumuz var”, – məlumatda qeyd olunub.