
Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan
Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan
çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6
müəssisə artıq fəaliyyətə başlayıb.
Bu barədə Trend İqtisadi Zonaların İnkişafı Agentliyinə
istinadən xəbər verir.
Qeyd olunub ki, sahibkarlar tərəfindən görülmüş işlərə
ümumilikdə 2,12 milyon manat investisiya yatırılıb, 70-dən artıq
daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə
əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən
çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin
yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı,
həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının
artırılmasında və ixracının genişləndirilməsində mühüm rol
oynayır.
Belə ki, Sənaye Məhəlləsində indiyədək 15,9 milyon manatlıq
məhsul istehsalı həyata keçirilib. Həmçinin, bu ilin I yarısında
1,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin
analoji dövrü ilə müqayisədə 15% çoxdur.