
Bakı.Trend:
Xocalı rayonunun Xanyurdu və Ballıca kəndlərinə köç edəcək
sakinlərə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün
müraciətlərin qəbulu davam edir
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xocalı rayonunun Xanyurdu və Ballıca kəndləri
üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli
istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu
davam edir. Hər iki kəndə köç edəcək sakinlərdən müraciətlərin
qəbulu prosesi avqustun 15-dən sentyabrın 15-i günün sonunadək
davam edəcək.
Ballıca və Xanyurdu kəndlərinə köç edəcək sakinlərə kənd
təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə
verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27
noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544
nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların
kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi
Qaydaları”na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər
olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən
torpaqlardır. Bu kəndlərdə birillik və çoxillik bitkilərdən – alma,
armud, gilas, qoz, şaftalı, nektarin, ərik, şabalıq, xurma,
çiyələk, qarağat, moruq, pomidor, xiyar, badımcan, bibər, tərəvəz
lobyası, mətbəx çuğunduru, kök, kələm, soya, noxud, mərcimək,
kartof, üzüm (süfrə və texniki), tütün, şəkər çuğunduru, buğda,
arpa, qarğıdalı (dən və silos üçün), yonca, xaşa, müxtəlif ot
qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir
damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Qeyd olunan iki kəndə köç edəcək sakinlər aşağıdakı
arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması
məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer
elektron kabinetinə sahib olmaq)
Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə
müraciət” – “Xanyurdu” və ya “Ballıca” seçməklə ərizə formasını
doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq
faktiki yaşayış yerinin Xanyurdu və Ballıca olduğunu Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd
etmək.
Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması,
təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması qeydiyyat
prosesi yekunlaşdıqdan sonra baş tutacaq. İcarə müqavilələrinin
müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il
təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq
uzadılacaq.
Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların
istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən
başlanıb.