
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 22-ci
Beynəlxalq Biznes Mükafatları (“International Business Awards®”)
müsabiqəsində “İlin şirkəti” nominasiyasında “Gold Stevie”
mükafatına layiq görülüb. Bank, bu dünyaca nüfuzlu mükafatı 2025-ci
ildə qazanan ilk Azərbaycan bankı oldu.
Qaliblər bu il may–iyul ayları ərzində “Stevie Awards” təşkilatı
tərəfindən keçirilən müsabiqənin münsifləri kimi çıxış edən dünya
üzrə 250-dən çox beynəlxalq miqyaslı ekspertin və iri şirkət
rəhbərinin ortaq qiymətləndirməsinə əsaslanaraq müəyyən edilib.
Strateji inkişaf yanaşması, beynəlxalq standartlara uyğun idarəetmə
prinsipləri, rəqəmsal transformasiya istiqamətində atdığı addımlar,
müştəri məmnuniyyətini yüksəltməyə yönəlmiş tədbirlər və sosial
məsuliyyət layihələrinə verdiyi mühüm töhfələr “PAŞA Bankı” bu
nominasiyada fərqləndirən əsas amillər olub.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru
Cavid Quliyevin sözlərinə görə, bu mükafat Bankın illər ərzində
həyata keçirdiyi məqsədyönlü strategiyanın beynəlxalq arenada
təsdiqi kimi dəyərləndirilir.
“Qeyd etməliyəm ki, bu dəfə Azərbaycanı təmsil edən şirkətlər
arasında bu mükafata layiq görülən ilk bank məhz “PAŞA Bank” oldu.
Bu uğur, ölkə və regionda lider mövqeyimizi möhkəmləndirməklə
yanaşı, sahibkarların inkişafına dəstək göstərmək, kredit
portfelimizin keyfiyyətini artırmaq və Azərbaycan biznesinin
beynəlxalq arenada tanınmasına töhfə vermək istiqamətində
apardığımız ardıcıl işlərin nəticəsidir,” – deyə Cavid Quliyev
bildirib.
Son illərdə mühüm nailiyyətlər qazanan “PAŞA Bank”
müştəriyönümlü yanaşması və rəqəmsal həllərə əsaslanan inkişaf
strategiyası ilə fərqlənir. 2025-ci ilin “CustomerFirst” ili elan
olunması da bu istiqamətin strateji şəkildə davam etdirildiyini
göstərir. Bankın rəqəmsal imkanları üzərində qurulan çevik və
etibarlı maliyyə həlləri qeyri-neft sektorunun inkişafına mühüm
dəstək verir.
30 iyun 2025-ci il tarixinə Bankın ümumi kredit portfelinin
85%-i məhz qeyri-neft sektoruna yönəldilməklə 3,28 milyard AZN,
cəmi kapitalı 954 milyon AZN, cəmi aktivləri isə 8,97 milyard AZN
təşkil edib.
Beynəlxalq Biznes Mükafatları və qaliblərin tam siyahısı
haqqında daha ətraflı məlumatı
www.StevieAwards.com/IBA saytından əldə etmək mümkündür.
2002-ci ildə ABŞ-da yaradılmış “Stevie Awards” təşkilatı
tərəfindən keçirilən Beynəlxalq Biznes Mükafatları dünyanın biznes
sahəsində ən nüfuzlu qlobal mükafat proqramı hesab olunur. Hər il
dövlət və özəl sektor, kommersiya və qeyri-kommersiya təşkilatları,
kiçik və böyük şirkətlər daxil olmaqla bütün dünyadan iştirakçılar
bu mükafat uğrunda mübarizə aparır. Bu il müsabiqəyə ümumilikdə
3,800-dən çox müraciət daxil olub.
Qeyd edək ki, mükafatlar 10 oktyabr 2025-ci il tarixində
Portuqaliyanın Lissabon şəhərində keçiriləcək təntənəli mərasimdə
təqdim olunacaq.