Azərbaycanda yeni açılan iş yerlərinin sayı məlum olub

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin altı ayı ərzində ölkədə 48,9 min yeni iş yerləri
açılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyri-dövlət
sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı
şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi
digər regionların, o cümlədən, 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi
Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1
faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran,
1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi Şirvan-Salyan, 0,8 faizi
Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan
iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və
təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5
faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi
isə digər tədbirlər üzrə yaradılıb.




Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,6 faizi
tikinti, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7
faizi emal sənayesi, 7,8 faizi peşə, elmi və texniki fəaliyyət, 7,6
faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,0 faizi
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,4 faizi kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi nəqliyyat və
anbar təsərrüfatı, 2,8 faizi informasiya və rabitə, 2,7 faizi
inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi təhsil,
9,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3
min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faizi
qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizi
müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8
faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan
ixtisarlar ilə əlaqədar bağlanıb.