MİDA-nın Şirvanda inşa etdiyi yaşayış kompleksində görülən işlər açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
(MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbəti
layihəsi olan “Yeni Şirvan” Yaşayış Kompleksinin ümumi sahəsi 8,11
hektar təşkil edir.

Trend xəbər
verir ki, 11 ədəd onikimərtəbəli və 14 ədəd doqquzmərtəbəli
olmaqla, 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinin
inşası sürətlə və keyfiyyətlə davam etdirilir.

Layihə üzrə 80 yerlik uşaq bağçasının elektrik, santexnik və
fasad suvaq işlərinə başlanılıb. 960 şagird yerlik məktəb
binasının, 14 ədəd 9 mərtəbəli və 11 ədəd 12 mərtəbəli yaşayış
binasının daxili suvaq və bəzək, elektrik, santexnika, taxta və
laminat döşəmənin vurulması, 13 ədəd 9 mərtəbəli və 10 ədəd 12
mərtəbəli yaşayış binasının dam örtüyünün quraşdırılması, 13 ədəd 9
mərtəbəli və 10 ədəd 12 mərtəbəli yaşayış binasının fasadlarında
isə rənglənmə işlərinə başlanılıb. Ərazidə abadlıq işləri ilə bağlı
beton bordürlər düzülür, asfalt-beton örtüyün vurulması və yaşıllıq
sahələrinin salınması ilə əlaqədar hazırlıq işləri görülür.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov
14.08.2025-ci il tarixində “MİDA” MMC tərəfindən aparılan tikinti
və abadlıq işlərinin gedişinə, təmir olunmuş mənzillərə baxış
keçirib, təklif və tövsiyələrini verib.

Yaşayış kompleksində ümumilikdə 1264 mənzil olacaq ki, onlardan
32-nin studio tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nin
dördotaqlı olması nəzərdə tutulur.




Studio tipli mənzillərin sahəsi təqribən 40,1 kvadratmetr,
ikiotaqlı mənzillərin sahəsi təqribən 57,7 kvadratmetr, üçotaqlı
mənzillərin sahəsi təqribən 72,8 – 76,7 kvadratmetr, dördotaqlı
mənzillərin sahəsi təqribən 98,7 – 114,6 kvadratmetr təşkil
edəcək.

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş
vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin
və uşaq oyun meydançalarının istifadəyə verilməsi nəzərdə
tutulub.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il
tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron
hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi
vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib
olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə
sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra
nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa
malikdirlər.

Spread the love