
Bakı.Trend:
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təsis etdiyi “Muzeylərdə
Dayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”-nın uzun siyahısı
açıqlanıb. Siyahıda Azərbaycandan yalnız “Suraxanı” gəmi-muzeyinin
təqdim etdiyi “Xəzərin irsi” layihəsi (https://icom.museum/en/icom-award-for-sustainable-development-practice-in-museums-longlist-of-eligible-projects/)
yer alıb.
Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.
ICOM-un 2024-cü ildə elan etdiyi müsabiqəyə ümumilikdə 124
ölkədən müraciət daxil olub. Münsiflər heyəti layihələr arasından
ilkin seçim edərək 60 ölkənin 130 layihəsindən ibarət uzun siyahı
formalaşdırıb. Növbəti mərhələdə bu layihələr qiymətləndirilərək
qısa siyahı müəyyənləşdiriləcək, yekunda isə üç finalçı seçiləcək.
Qaliblər 2025-ci ilin dekabrında Dubayda ICOM-un Baş Konfransında
elan olunacaq.
Layihələr beynəlxalq münsiflər heyəti tərəfindən “2030
Gündəliyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin beş əsas istiqaməti
(İnsanlar, Planet, Firavanlıq, Sülh və Tərəfdaşlıq) üzrə
qiymətləndirilir.
“ICOM Mükafatı” muzey sahəsində dayanıqlı inkişaf istiqamətində
innovativ təşəbbüsləri və nümunəvi təcrübələri tanıyan ilk qlobal
mükafatdır və bu, ICOM-un bütün üzvlərinə ünvanladığı ilk
beynəlxalq mükafat kimi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, dünyanın ilk tanker muzeyi “ICOM Mükafatı”-na
2023-cü ildə “Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyinin 165 illik yubileyi ilə əlaqədar sərgi olaraq həyata
keçirilmiş “Xəzərin irsi”, eləcə də bu layihə çərçivəsində ötən il
– “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “COP 29”-a həsr olunmuş
“Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi
ilə reallaşdırılmış “Art Plast” layihəsi ilə müraciət edib.
“Xəzərin irsi” sərgisində Xəzərin dibindən çıxarılmış qədim
eksponatlar, sualtı arxeoloji qrupun dalğıc avadanlığı və
ləvazimatları nümayiş olunub. Həmçinin ziyarətçilər Azərbaycanın su
altında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, zəngin
mədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə
edə biliblər.
“Art Plast” layihəsi çərçivəsində isə plastik, metal və digər
məişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malik
balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox
olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış
installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu
olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini
başa vurmuş qayıqlardan güldanlar düzəldilərək “Suraxanı”
gəmi-muzeyinin qarşısında yerləşdirilib. Bu “eko-art”lar ətraf
mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin
ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının
qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların
istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət
əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.