Şavkat Mirziyoyev Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfəsini qeyd edib

İqtisadiyyat

Bakı. Trend:

Hər il keçirilən Qlobal Bakı Forumu fikir mübadiləsi və birgə
həllərin işlənib hazırlanması üçün aparıcı beynəlxalq
platformalardan birinə çevrilib.

Trend xəbər verir ki, bu
barədə prezident Şavkat Mirziyoyevin “Özbəkistan, Azərbaycan və
Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli
görüşün iştirakçılarına müraciətində deyilir.

“Mən öz ölkələrinin inkişafına, beynəlxalq əməkdaşlığın və
qarşılıqlı etimadın möhkəmlənməsinə böyük töhfələr verən belə
mötəbər iştirakçıların – tanınmış siyasətçilərin və dövlət
xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin Daşkənddə bir
meydançada toplanması təşəbbüsünə görə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinə dərin minnətdarlığımı bildirirəm”, – dövlət başçısı qeyd
edib.




Prezident müraciətində dahi özbək şairi Əlişir Nəvainin dediyi
kimi “şairlər sultanı” olan dahi Azərbaycan mütəfəkkiri Nizami
Gəncəvinin nadir yaradıcılıq irsinin qorunub saxlanılmasında və
təbliğində mərkəzin xüsusi rolunu da vurğulayıb.

Forumun əhəmiyyətindən danışan Prezident Şavkat Mirziyoyev
Avropa ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxdığını qeyd
edib.

“Regionumuzla Avropa İttifaqı ölkələri arasında strateji
tərəfdaşlığın yaradılması ilə bağlı tarixi qərar qəbul edilib.
Yaxın aylarda biz Aİ ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi imzalamağı planlaşdırırıq”, o əlavə edib.