
Bakı. Trend:
Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində
mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust
tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS)
Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi,
təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə
istinadən xəbər verir.
Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata
keçirəcək.
“Sistem, müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən
səkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrə
məlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmiş
elektron xidmətlərin göstərilməsini həyata keçirən “Vahid Kommunal
Xidmətlər”, fərdi məlumatların yalnız qanuni razılıq əsasında
işlənməsi və ötürülməsini təmin edən “Rəqəmsal Razılıq”, yerli icra
hakimiyyəti orqanlarının elektron xidmətlərinin və
qəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən
“Rəqəmsal İcra Hakimiyyəti”, qəbul edilmiş qeyri-normativ hüquqi
aktların vahid bazasını formalaşdıran “Yerli İcra Hakimiyyəti
Orqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri”,
dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənəd
mübadiləsini təmin edən “Rəqəmsal Sənəd Dövriyyəsi”, bütün dövlət
informasiya resurslarını vahid bazada birləşdirən “Dövlət
İnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron Xidmətlərin
Vahid Reyestri”, dövlət informasiya sistemləri arasında təhlükəsiz
məlumat mübadiləsini həyata keçirən “Rəqəmsal Məlumat Mübadiləsi”
və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər
eyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən
“Vahid Giriş” bu altsistemlərə daxildir”, – məlumatda deyilir.
EHİS-də xidmətlər “bir pəncərə prinsipi” əsasında “mygov”,
“mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” portalları
üzərindən təqdim ediləcək. Qeyd edək ki, sahibkarlıq subyektlərinə
dövlət xidmətləri “mygov Biznes” portalı üzərindən təqdim olunacaq. “Rəqəmsal Razılıq” altsistemi vasitəsilə fərdi məlumatların
sahibkarlıq subyektləri ilə qanuni əsasla paylaşılması mümkün
olacaq, sahibkarlıq subyektlərinin xidmətləri “mygov” və “mygov
Biznes” portalları vasitəsilə təqdim oluna biləcək. Həmçinin
vətəndaş müraciətləri və informasiya sorğuları “mygov” portalı
üzərindən göndərilə biləcək. Bundan əlavə, mobil tətbiqlər, virtual
köməkçilər və digər rəqəmsal kanallar vasitəsilə də əlçatan olacaq.
İstifadəçi yönümlü yanaşma və rahat interfeys prinsiplərinə
əsaslanan bu imkanlar, vətəndaşların və biznesin rəqəmsal
xidmətlərdən istifadəsini sadələşdirəcək”, – məlumatda deyilir.
Bildirilib ki, yeni Əsasnamənin tətbiqi dövlət idarəçiliyində
rəqəmsallığı artırmaqla yanaşı, xidmətlərin sürətini və
əlçatanlığını yüksəldəcək, dövlət qurumları arasında koordinasiyanı
gücləndirəcək. Nəticədə həm vətəndaş, həm dövlət, həm də biznes
üçün vaxt və resurs qənaəti təmin olunacaq.

