Azərbaycanda ev tikintisinə sərmayələr artıb: 7 ayda 1,5 milyard manat yatırım

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,5
milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 411 milyon manat və ya 36,7% çoxdur.

Belə ki, 2024-cü ilin ilk yeddi ayında ölkədə əsas kapitala
yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,1
milyard manat sərf olunmuşdu.




Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 3,4% çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4% azalıb,
qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15%
artıb.

Ümumi sərmayənin təqribən 5 milyard manatı və ya 50,9%-i məhsul
istehsalı sahələrinin, 3,3 milyard manatı (33,7%-i) xidmət
sahələrinin, 1,5 milyard manatı (15,4%-i) isə yaşayış evlərinin
tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,2%-i dövlət, 47,8%-i
qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə
qoyuluşunun 78,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın
dəyəri ümumi sərmayənin 76,7%-ni təşkil edib.