Azərbaycanın dövlət borcu üzrə proqnozları açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrə orta
ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin
hamarlaşdırılması, habelə dövlət istiqrazları üzrə faiz xərclərinin
azaldılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə
başlanılıb.

Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər
nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət
xərclərində qənaətin formalaşması proqnozlaşdırılır.

Məlumata görə, 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycan
Respublikasının xarici dövlət borcunun 4.9 milyard ABŞ dolları,
daxili dövlət borcunun isə20.1 milyard manat olmaqla ümumi dövlət
borcunun 28.4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.




2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2
faizinin 5 ilədək, 35,4 faizinin 5-10 il ərzində, 7,4 faizinin
isə10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.
Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin
təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi
(marja) ilə cəlb olunması nəzərdə tutulur.

2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7
faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət
istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna
dövriyyədə olan dövlət istiqrazlarının 14,9 faizi 1 illik, 57,0
faizi 2-3 illik, 30,0 faizi isə5-il və daha artıq istiqrazların
payına düşməsi proqnozlaşdırılır.