Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm hissəsi olacaq – Abdulkadir Uraloğlu

İqtisadiyyat

Bakı. Trend:

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi
avqustun 22-də baş tutacaq.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur
naziri Abdulkadir Uraloğlu deyib.

A.Uraloğlu bildirib ki, bu xətt Azərbaycan və Naxçıvan Muxtar
Respublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin
mühüm hissəsi olacaq.




Nazir bildirib ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolunun
uzunluğu 224 kilometr təşkil edəcək. O əlavə edib ki, bu dəmir yolu
xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə
olacaq.

“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni,
fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Eyni zamanda, Şərqi və
Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha
tez çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq”, – deyə o
qeyd edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda iqtisadi əməkdaşlığı
artıracaq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən
Londona qədər davam edən şərq-qərb xətti daha səmərəli fəaliyyət
göstərəcək.