
Gəncə.Trend:
Xəbər verdiyimiz
kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin
təməlqoyma mərasimində iştirak ediblər.
Bu məqsədlə Gəncə şəhərinə Prezidentin İzi ilə təşkil edilmiş
media turda jurnalistlər Gəncə şəhərində “Azerbazalt” MMC-nin
bazalt məhsullarının istehsalı müəssisəsində olublar.
Trend-in yerli
bürosunun xəbərinə görə, media nümayəndələrinə məlumat verilərək
bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə
istehsalı həyata keçiriləcək.
Məlumata görə, layihə iki mərhələdə icra olunacaq, birinci
mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək:
“İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin
İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4
hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı
planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq
müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından
çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin
birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə
tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək
texnoloji innovativ məhsulların – bazalt lifi, 3D printer üçün
xammal olan filamenin və digər sənaye materiallarının istehsalı
həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji
dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar
sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə
verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə
təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də
xarici bazarlara ixrac olunacaq”.
Qeyd edilib ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına
beynəlxalq bazarlarda böyük tələbat var:
“Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri
üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və
çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral
tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir,
strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin
turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya,
səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton
üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək
dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək
istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir.
Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket
texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji
sahələrdə geniş istifadə olunur.
Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə
çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın
qeyri-neft sənayesinin inkişafına xidmət edəcək,
rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq.
Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii
ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal
zəncirini möhkəmləndirəcək”.