
Bakı. Trend:
Bu gün bp Azərbaycanda yüksək ixtisaslı yerli kadrların
yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin üçüncü
mərhələsinin uğurla başa çatdığını elan edib.
Trend xəbər verir ki, bu
təhsil layihəsi bp-nin dünya səviyyəli yerli mütəxəssislər
yetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyinin
bir hissəsidir.
Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncü
mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və
onların hamısı Avropanın, Asiyanın və ABŞ-nin nüfuzlu beynəlxalq
universitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavr
proqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.
Layihə iştirakçıları Bilkent Universiteti, London İmperial
Kolleci, Kembric Universiteti, London Universitet Kolleci (UCL),
Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, Kaliforniya
Universiteti, Berkli (UCB), Cons Hopkins Universiteti, Mançester
Universiteti, Bolonya Universiteti, Honq Konq Universiteti və
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) kimi dünyanın
ən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil
müəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksək
akademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyin
effektivliyini əks etdirir.
Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə
çərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarına
hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd
təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma
daxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə, 30 tələbədən
24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərin
təqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.
Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu gün
keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmiş və
onlar öz gələcək planları ilə bağlı fikirlərini bölüşmüşlər.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:
“Bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Layihə
Azərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkənin parlaq
gələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ən nüfuzlu
universitetlərinə qəbul olan tələbələrin sayının artması onların
istedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayə qoymağın
vacibliyini bir daha təsdiqləyir. Biz milli kadrların inkişafını
dəstəkləmək və Azərbaycanın dayanıqlı, firavan gələcəyinə töhfə
vermək öhdəliyimizə sadiqik.”
Ümumi dəyəri 150 000 AZN (88235 ABŞ dolları) olan üçüncü
mərhələnin müddəti 11 ay (2024-cü ilin avqustundan 2025-ci ilin
iyuluna qədər) idi.
Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən
həyata keçirilib.