Tikinti məhsullarını necə ucuz ala bilərik? – ARAŞDIRMA + FOTO

İqtisadiyyat

Rusiyadan gətirilən tikinti materiallarının qiymətinin artması bir qisim alıcını yerli məhsul almağa meyilləndirir. Ekspertlər deyirlər ki, inşaat məhsullarına qarşıdakı illərdə tələb çox olacaq. Bu səbəbdən yerli istehsalın artırılmasına ehtiyac var.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycan tikinti məhsullarının bir qismini Rusiya və Ukraynadan idxal edirdi. Hazırda bu iki ölkə arasındakı münaqişəyə görə Ukraynadan məhsul gəlmir, Rusiyadan idxal edilən isə əvvəlkindən baha başa gəlir. Bu da ona gətirib çıxardıb ki, yerli istehsal olan bəzi tikinti məhsulları ilə  Rusiyadan idxal edilən arasında böyük qiymət fərqi yaranıb.

Tikinti materiallarının satışı ilə məşğul olan Nəsrəddin deyir ki, bu fərq bəzi alıcıların yerli məhsullara daha çox meyil etməsinə gətirib çıxarıb: “Hər məhsulun öz alıcısı var. Yerli məhsulları da alırdılar, idxal olunanları da. Ancaq bir qisim alıcı var idi ki, xarici istehsala üstünlük verirdi. Əvvəllər Rusiyadan gətirilən məhsulla onun eynisi olan yerli istehsal arasında fərq elə çox deyildi. Müəyyən qədər fərq olanda insanlar xarici istehsala üstünlük verirdilər. Qiymət fərqi böyük olanda xərcləri xeyli artmış olur. Ona görə, yerli istehsalla maraqlanan, alanlar çoxalıb”. Yaranmış situasiya tikinti məhsulları ilə bağlı mövcud istehsalın genişləndirilməsini stimullaşdıra bilərmi?

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, bir çox inşaat məhsullarının ölkəmizdə istehsalı var. Həmin istiqamətlərdə idxaldan asılılığı azaltmaq üçün istehsalın həcminin genişləndirilməsi vacibdir: “Azərbaycanda bir çox tikinti materialları – sement, kərpic, mişar daşı, elektrik naqilləri, pəncərə profilləri, boyalar və s. istehsal olunur. Bəzilərində xammal idxalla əldə edilsə də, istehsalı aparılır. Biz Rusiya və Ukraynadan daha çox dəmir məmulatları – armatur, dəmir, metal konstruksiya, mismar və s. idxal edirdik. Rusiyadan idxal etdiyimiz bəzi məhsullarla bağlı ölkəmizdə istehsal var. Məsələn, armatur, sadəcə təkan verib sürətləndirmək lazımdır. Belə sahələr çoxdur”.

E.Fərzəliyevin sözlərinə görə, bəzi sahələr üçün ölkəmizdə istehsal real görünmür: “Rusiya nəinki Azərbaycana, xeyli ölkəyə taxta ixrac edir. Bu gün desək ki, taxta istehsal edəcəyik, Rusiyadan gələni əvəz edəcək, real görünmür. Bunun üçün ilk olaraq tikintiyə yararlı taxtaların meşəsini salmalıyıq. İndi salmalıyıq ki, 15-20 il sonra o məhsullardan istifadə edə bilək”.

“Bəzi məhsulların yerli istehsalı yox, idxalı daha münasib qiymətə başa gəlir” – deyən E.Fərzəliyev bildirdi ki, bu halda da yerli istehsalı təşkil etmək lazımdır: “Pandemiya dövründə gördük ki, sərhədlər bağlandı, bir çox məhsulların idxalında problemlər yaşandı. Asılılıq var idi deyə, o məhsullar bizim üçün əlçatan olmadı. Nə qədər baha olsa da, gələcək üçün bunları da qurmaq lazımdır”.

E.Fərzəliyev deyir ki, işğaldan azad olunmuş ərazilərdə inşaat məhsullarının istehsalı üçün xammal çoxdur: “Azad olunmuş ərazilərdə 140 adda sərvət var. Mərmər, qranit, daş, qızıl və s. yataqlar həddindən artıq çoxdur. Digər ərazilərimizdə də bir çox mədənlər var. Azərbaycan yerli mədənləri hesabına tikinti məhsulları istehsal edərsə, bir çox tikinti materiallarının idxalından imtina edə bilərik”.

E.Fərzəliyev bildirdi ki, inşaat məhsullarına qarşıdakı illərdə tələb çox olacaq. Bu səbəbdən yerli istehsalın artırılmasına ehtiyac var: “Təkcə paytaxt Bakıda minlərlə istismar müddəti bitmiş çoxmənzilli yaşayış binaları var. Onlar zamanla sökülür, yeni binalarla əvəzlənir. İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri hələ uzun müddət gedəcək. Regionlarda da tikinti işləri çox olacaq. Bu baxımdan tikinti materiallarına da tələb çox olacaq”.

Əmlak eksperti Elnur Azadov deyir ki, Rusiyadan gələn bütün məhsulların qiymətində böyük artım yoxdur: “Xammalı Rusiyanın özündə olan inşaat məhsulları var, bir də özlərində olmayan. Xammalı özündə olan məhsulların Rusiyada qiymət artımı 15-25 faiz olub. Lakin bizim bazarda Rusiya rublu ucuzlaşdığı üçün bu ölkədən idxal olunan həmin məhsullarda 5-10 faiz arası qiymət artımı izlənilir. Xammalı qismən xaricdən idxal etdikləri məhsullarda isə qiymət 15-30 faiz artıb. Bəzən 40 faiz də ola bilir. O mallar ki Rusiyada istehsal olunur, xammalı isə tamamilə xaricdən gətirilir, həmin məhsullarda isə 40-80 faiz qiymət artımı var”.

E.Azadovun sözlərinə görə, ümumilikdə, Rusiya və Ukraynanın hansı inşaat məhsullarına tələb var idisə, indi istehlakçılar həmin məhsulların alternativ ölkələrdən idxal ediləninə üstünlük verəcəklər: “Bəzi məhsullarla bağlı ölkəmizdə yerli istehsal yox idi, daha çox Rusiya və Ukraynadan gətirirdik. Həmin məhsulları indi Türkiyə, İran, Çin bazarlarından daha münasib qiymətə əldə edə bilərik. Bəzi sahələrdə ölkəmizdə yerli istehsal var, amma alıcılar yenə də xarici məhsulları alırlar. Çünki keyfiyyət və görünüşcə geri qalırıq. Məsələn, 8 il öncə Azərbaycanda keramik məhsullar istehsal olunmağa başlayıb. Cəmi 2 istehsalçı var. Yerli istehsal olduğu üçün gömrük və daşınma xərcləri yoxdur. Lakin analoji mallar İran, Çin, Hindistan, Rusiyada daha ucuz başa gəlir. Üstəlik keyfiyyətləri də yüksəkdir. Bizim inşaat mallarımız dünya bazarına çıxa bilmir. İstehlakçı seçim qarşısında qalır və bir manat baha alır, amma xaricdən gələni seçir. Bu, onlar üçün böyük itki deyil”.

E.Azadov qeyd etdi ki, ölkədə istehsal olmayan inşaat məhsullarının istehsalına investisiya yatırmaq risklidir: “Birincisi, xammal Azərbaycanda məhdud saydadır. İkincisi, investisiyanın bu kimi sahələrə qoyuluşu o qədər əlverişli deyil. Azərbaycanda nə varsa, artıq var. Digərlərinə böyük investisiya qoymaq, daxili bazar üçün istehsal etmək risklidir. Çünki istehlakçı 5-10 faiz baha olsa da, xarici məhsulu alacaq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir