“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənlinin “Report”a müsahibəsi:
– Dünyada geosiyasi vəziyyətin dəyişməsi fonunda regionda logistika sahəsində yeni çağırışlar nələrdir? Orta dəhlizə cəlb edilən yükün həcminin nə qədər artacağı proqnozlaşdırılır?
– Şərq-Qərb dəhlizində Qazaxıstan və Rusiya ərazisindən keçən şimal hissəsi ən işlək nəqliyyat dəhlizi olub. Orta Asiya, Azərbaycan və Qara Dəniz sahili ölkələri istiqamətində fəaliyyət göstərən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Şərq-Qərb dəhlizində nisbətən yeni yaradılmış nəqliyyat-logistika xəttidir. Keçmiş MDB ölkələrinin ərazilərindən ənənəvi yüklər daşınır. Orta Dəhlizin yeni olmasına baxmayaraq son 3-5 il ərzində bu dəhlizdə yüklərin ciddi artımını müşahidə edirik. Bu istiqamətdə yükdaşıma ilkin olaraq 2018-ci ildən başlanılıb.
Pilot layihələrlə bu dəhlizin imkanları araşdırıldı, dəhlizdə yükdaşımalar zamanı hansı problemlərin qeydə alınması öyrənildi, daha sürətli keçidin və mövcud imkanlara uyğun optimal logistik həllər təmin edilmiş oldu. Yeni geosiyasi vəziyyətlə əlaqədar regional yük axınlarını və Çindən gələn, eyni zamanda Çinə daşınan beynəlxalq yüklərin Orta Dəhlizə cəlb edilməsi üçün böyük şanslar, imkanlar yaranıb. Yeni beynəlxalq yüklərin Orta Dəhlizə cəlbi Azərbaycan üçün də böyük imkanlar yaradır. Bu imkanlardan faydalanmaq üçün bəzi qiymətləndirmələr, müqayisəli təhlillər aparılır. Təbii ki, Rusiya-Qazaxıstan ərazisindən keçən böyük yük axınlarının bütününü Orta Dəhlizə ötürmək qısa zamanda çətin olacaq. Çünki Orta Dəhlizin ənənəvi daşımaları var və bu daşımalar üçün optimal logistik həllər formalaşdırılmaqla davamlılığı təmin edilib.
İndi yeni növ yüklər üçün də optimal və operativ logistik həll yolları qurularaq dəhlizə adaptasiya edilir və ediləcək. Yüklərin növlərindən asılı olaraq, Bakı Limanının, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” və quru yollarla yükdaşımanın müəyyən potensialı var və bu potensialın artım imkanları var.
– Bakı Limanı yükaşırmanı nə qədər artıra bilər?
– Bakı Limanında ümumi yükaşırmanın həcmi 15 milyon ton təşkil edir. Müxtəlif təyinatlı yüklər üzrə, eyni zamanda yükün daşınma formasına uyğun potensiallar fərqlidir.
Bərə (qatar daşıyan bərə) terminalı ilə limana dəmir yolu ilə daxil olan vaqonlar birbaşa olaraq bərəyə yüklənir. Bu prosesin hər biri bilavasitə dəmir yolu xətləri ilə təchiz edilmiş tənzimlənən körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri də yüklənə bilir. Bərə terminalının yükaşırma qabiliyyəti ildə 6,2 milyon tondur.
Ro-Ro terminalı dəmir yolu vaqonları xaricində digər intermodal nəqliyyat vahidləri bu terminalda Ro-Ro (Ro-Pax) tipli gəmilərə yüklənilir və bu gəmilərdən boşaldılır. Ro-Ro terminalının yükaşırma qabiliyyəti ildə 1,8 milyon ton yükdür, bu isə ildə təqribən 60 min təkərli texnikanın aşırılmasına imkan verir.
Əsas yük terminalının yükaşırma qabiliyyəti ildə 7 milyon ton təşkil edir. Terminalın infrastrukturuna biri möhkəm zəminə malik olmaqla ağır yükün yüklənib-boşaldılması üçün nəzərdə tutulan 7 ümumi yük körpüsü daxildir. Körpülərin 4-ü dəmir yolları və müxtəlif spesifikasiyalara malik 6 ədəd yeni portal kran ilə təchiz olunub. Burada müxtəlif nəqliyyat vasitələrindən (gəmi, vaqon, yük avtomobili) bir çox unifikasiya edilmiş konteynerdə daşınan yüklər (o cümlədən konteynerlərdə yerləşdirilənlər), qalaq və səpkili şəklində olan yüklər boşaldıla və yüklənilə bilər.
Bakı Limanı inşa edilən zaman yüklərin diversifikasiya edilərək aşırılması nəzərə alınıb. Yəni ölkəmizə idxal, ixrac edilən eyni zamanda tranzit keçən hər növ yükün orta müddətli dövr üçün həcm potensialı öyrənilib və terminallar da buna uyğun qurulub. İndi bizim potensialımıza uyğun yüklər gəldikdə onun aşırılması ən operativ formada təmin edilir. Amma yeni növ yüklər və ya eyni növ yükdən daha böyük həcmdə gəldiyi halda əlavə infrastruktur və logistika həllərin qurulması üçün yeni avadanlıq, texnikalara ehtiyac olacaq ki, bu prosesdə yaxından izlənilir və aidiyyəti tərəfdaşlarında iştirakı ilə qısa və ortamüddətli dövr üçün yeni həll və təkliflər paketi hazırlanır.
– Azərbaycana gələn yüklərin daha da şaxələndirilməsi nəzərdə tutulurmu?
– Hazırda Qazaxıstan istiqamətindən böyük həcmdə yüklər var. Onlar əvvəllər Rusiya üzərindən Avropaya, Qara dəniz sahilinə tədarük edilirdi və artıq o yüklərin Orta Dəhlizə cəlbi üçün böyük potensial mövcuddur. Bu yüklərin içində böyük həcmdə vaqon, bərə daşınması var ki, bunlar bir başa olaraq Bakı Limanının terminallarına gələ bilər. Bizim bərə terminallarımızın potensialı böyükdür.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin isə kifayət qədər gəmisi var. Hazırda bu yüklərin cəlbi üçün intensiv iş aparılır. Eyni zamanda, burada konteyner daşınması istiqamətində də böyük həcmdə yüklər var və bu yükləri potensialımıza uyğun cəlb edəcəyik. Məsələn, Cənubi Avropaya, Avropaya gedən yüklərin bizim üçün önəmi var. Artıq pilot layihə kimi Azərbaycan üzərindən Orta Dəhlizdən Avropaya yük göndərilib, amma blok qatarlar bu dəhlizdə davamlı olmayıb. Stabil olaraq blok qatarlar Çindən Qara dəniz sahillərinə, Türkiyəyə, Gürcüstana gedib. Bu yüklər daimi daşınır. İndi bu yüklərin Avropaya getməsi üçün həm dəhliz boyunca, həm infrastruktur imkanlarını, həm də Qərb istiqamətində alternativ marşrutları genişləndirməliyik.
Yüklər Azərbaycana gələndən sonra, burada şaxələnir. Azərbaycanın daxil olduğu dəhliz yükdaşımalar üçün dayanıqlı və etibarlıdır. Azərbaycandan sonra yüklər Gürcüstan ərazisindən keçməklə həm Qara dəniz üzərindən Avropaya göndərilir, həm də Bakı-Tbilisi-Qars (BTQ ) dəmir yolu xəttini istifadə etməklə yüklərin Türkiyəyə və Avropaya göndərmək imkanları var. İnfrastruktur sahibləri düşünür ki, alternativ kimi bu iki marşrutdan (Qara dəniz və BTQ) istifadə edilsin. Alternativ iki marşrutdan istifadə etməklə biz daha effektiv işləyə biləcəyik və yük tıxacı yaranmayacaq. Yüklərin iki istiqamətdə göndərilməsi nəzərdə tutulub. Qara Dəniz üzərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində fider gəmisi fəaliyyət göstərir və o, Poti ilə Konstansa (Rumıniyanın portu) arasında səfər edir.
– İnfrastruktur imkanlarının genişləndirilməsi üçün hansı işlər görülür?
– Bizim “Azərbaycan Dəmir Yolları” QSC ilə, həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə müzakirələrimiz davam edir. Potensiallarımızın bir-birinə uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılır və əməliyyatların optimallaşdırılması, sürətin artırılması ilə mövcud potensialımızı artırmaq üçün real iş görürük. Artıq hesablamışıq ki, hansı istiqamətdə nə qədər potensialımızı artıra bilərik, eyni zamanda qısa və ortamüddətli dövrdə hansı infrastruktur imkanlarını genişləndirə biləcəyimizi müzakirə edirik. Bütün infrastruktur sahibləri (Bakı Limanı, “Azərbaycan Dəmir Yolu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”) hesabat hazırlayıb və hökumətə təqdim edib. Hesabatda infrastruktur imkanlarımızı qısa və ortamüddətli dövrdə inkişaf etdirmək üçün həllər təklif edilir, qısamüddətli investisiya yatırmaqla ölkənin infrastruktur imkanlarını necə genişləndirə biləcəyimiz qeyd edilir. Məqsəd, yeni yükləri maksimum cəlb etməkdir.
– Bakı Limanı hansı xidmətlərinin optimallaşdırılmasını istəyir?
– Hazırda Bakı Limanının üç körpüsündə müxtəlif təyinatlı, əsasən karbamid və kükürd olmaqla müxtəlif növ gübrələr aşırılır. Biz hazırda illik yükaşırma gücü 2,5 milyon tondan çox olan gübrə terminalının tikintisinə başlamışıq. Bu yüklər hazırda bizim əsas yük terminalımızda aşırılır.
Bu ilin sonu və ya gələn ilin əvvəlində bu gübrə terminalı istifadəyə tam hazır olması nəzərdə tutulub. Bu isə bizə imkan verir ki, Orta Asiyadan daha çox gübrə yükünü cəlb edə bilək və hazırda istifadə edilən körpülərin yüklənməsini aradan qaldırmaqla, yeni geosiyasi vəziyyət nəticəsində yaranmış şəraitdən daha çox yararlana bilək.
Əsas məqsədimiz yük sahiblərinə ən operativ və sərfəli yük aşırma xidməti təklif etməklə onların stabil olaraq bu dəhlizdən istifadə etməsini təmin etməkdir. Artıq bütün tərəfdaşlarla bu istiqamətdə iş aparıldığından düşünürəm ki, qısa zamanda operativ həllər formalaşdırılacaq və əvvəllər Şimal dəhlizindən keçən yükün böyük bir həcmi mütəmadi olaraq bu dəhlizdə qalacaq.
Qısamüddətli infrastruktur imkanlarının genişlənməsi ilə bağlı da planlar var, eyni zamanda Bakı Limanında digər terminallarının tikintisini də nəzərdə tuturuq. Taxıl terminalının tikintisi ilə bağlı layihə var. Taxıl terminalına Qazaxıstan, Rusiya üzərindən daşınan taxıl yüklərini cəlb etmək olar. Bakı Limanı iki fazalıdır, hazırda liman ərazisində həyata keçirilmiş tikinti birinci fazaya aiddir. 2018-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub. Danışıqlar zamanı mövcud şəraitdən, logistik həllərdən, logistik imkanlardan və çağırışlardan asılı olaraq ikinci fazanın hansı istiqamətlər üzrə tikiləcəyi məlum olacaq.
Hazırda bəlli olur ki, bizə taxıl üçün, konteyner üçün körpülər lazımdır. Biz birinci fazanın potensialından maksimum istifadəetmə potensialına yaxınlaşanda, ikinci fazanın tikintisinə başlanılacaq. İkinci fazada düşünürük konteyner aşırılmalarına üstünlük verək. Konteyner körpüləri, konteynerlər üçün xüsusi saxlanc yerləri, konteyner dövriyyəsinin artırılması üçün əlavə imkanlar , yükü nəql etmək üçün avadanlıqlar və çeşidləmə mərkəzlərinin yaradılması kimi məsələlər diqqətdədir. Bütün bunların hamısı bir-birini tamamlayır. Yüklərin çeşidlənməsi xüsusi əhəmiyyət kəsb edir. Logistikada “First in, first out” prinsipi var, liman ərazisinə daxil olan ilk konteyner limanı tərk edən ilk konteyner olmalıdır. Vaqon təminatı da vaxtında olmalıdır, həm girişdə, həm çıxışda vaqon təminatı olmalıdır. Hazırda bu sistem tətbiq edilir, elə etməliyik ki, yük həcmi artdıqda da bu qanunauyğunluq pozulmasın ki, yüklər operativ formada aşırılsın.
Çinin potensialı böyükdür. Məsələn, Çindən Avropaya gedən yüklərin 98%-i hazırda dənizlə daşınır, 2%-i isə quru yolla daşınır. Quru yolla yükdaşımalardan bir faizlik pay almaq böyük həcm deməkdir. Ötən il Avropa İttifaqı və Çin arasında 13 milyon TEU konteyner daşınıb və yük dövriyyəsi var. Bizim potensialımız 100 min TEU konteynerdir, ikinci faza çərçivəsində 500 min TEU konteyner olması planlaşdırılır. Yüklərin həcmindən asılı olaraq daha da genişləndirmək olar. Bu istiqamətdə qərarlar vəziyyətə uyğun veriləcək.
– Bakı Limanının genişləndirilməsi çərçivəsində hazırlıq işləri nə yerdədir?
– Limanın ərazisinin genişləndirməklə ilkin olaraq konteyner aşırılmasını 500 min TEU -ya qədər artırmaq istiqamətdə layihələr artıq hazırlanıb. Lakin bu qədər konteynerin aşırılması bu dəhliz üçün kifayət qədər böyük həcmdir. Qısamüddətli dövrdə isə 100-150 min TEU konteynerin aşırılmasını hədəf kimi götürə bilərik. 100 min TEU konteynerin aşırılması mövcud potensialdır.
Bakı Limanında 2021-ci ildə karqo terminalından 35 min TEU, bərə terminalından 10 min TEU, toplam 45 min TEU konteyner aşırılıb.
www.RIA24.az