Dünyanı gözləyən aclıq təhlükəsi: Azərbaycanda təşvişə ehtiyac varmı?

İqtisadiyyat

Pərviz Heydərov yazır…

Dünya iqtisadiyyatı İkinci Dünya müharibəsindən sonra hələ belə vəziyyətə düşməyib. İnflyasiya cızığından çıxıb, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxıb və qalxmaqda davam edir, şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzil başına çatdırılması prosesləri getdikcə çətinləşir, istehsal və ticarət əlaqələri qırıla-qırıla gedir.

İlin sonuna doğru daha “qatı dumanlı” şərait gözlənilir. Odur ki, hazırda inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə ciddi narahatlıq hökm sürür.

Buna səbəb doğrudanmı Rusiya-Ukrayna müharibəsi oldu?

Xeyr… Qeyd olunan mənzərə hələ keçən ilin əvvəlindən özünü büruzə verməyə başlayıb. İl ərzində isə güclənərək genişlənib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi isə “odun üstünə benzin” tökdü. Bu baş verməsəydi, bir sıra mənfi tendensiyalar cari ilin ilk yarısının sonuna kimi ortadan qalxacaqdı və hər şey tamamilə 2019-cu ildəki vəziyyətə qayıdacaqdı.

Ancaq indi isə qarşıda ərzaq böhranı və aclıq təhlükəsi gözlənilir. Özü də bütün dünyada…Və aparıcı ölkələrin rəhbərləri və hökumətləri, o cümlədən beynəlxalq qurumlar inkişafdan və normallaşmadan deyil, ancaq ərzaq qıtlığının necə qarşılanacağı və ondan necə xilas olmaq barədə müzakirələr aparırlar.

Xüsusən də, ərzaq buğdasının istehsalı, tədarükü və təminatı sahəsində ilin ikinci yarısı ərzində fors-major halının meydana çıxmaması üçün müvafiq həll yolu axtarılır.

Yeri gəlmişkən, bu sahədə də problemin, yəni bahalaşmanın Rusiya-Ukrayna müharibəsi nəticəsində meydana çıxdığı düşünülsə də, elə deyil. Düzdür, hər iki ölkənin dünya üzrə taxıl istehsalı və tədarükündə payı çoxdur. Təqribən, 30 faizdən artıq təşkil edir.

Lakin taxıl istehsalı, tədarükü və təminatında problemlər Rusiya-Ukrayna müharibəsindən əvvəl dövriyyəyə daxil olub ki, 2020-ci ildə dünyanı ağuşuna alan pandemiya şəraiti ən böyük zərbələrindən birini də məhz kənd təsərrüfatına vurdu.

Pandemiya ötən ilin əvvəlindən tədricən aradan qalxmağa başladı. Lakin ixracatçı ölkələr bəyanat verməyə başladılar ki, taxıl istehsalına çox böyük zərbə dəydiyindən nəzərdə tutulandan xeyli az məhsul əldə edilib. Və odur ki, böyük taxıl istehsalçısı olan ölkələr pandemiyadan yeni çıxdıqları üçün 2021-ci ildə də istehsalın əvvəlki həcmdə olmayacağını və ixracı azaldacaqlarını bildirdilər.

Söhbət, ötən ilin yanvar ayından gedir. Həqiqətən də ilin sonuna doğru taxılın dünya bazar qiymətləri tədricən artdı. Qiymət artımı özünü əvvəl xırda fərqlərlə göstərsə də sonradan böyük sürət aldı.

Çünki həm əvvəlki ildə lazımi səviyyədə məhsul istehsal olunmamışdı, həm də az miqdarda əkin həyata keçirildiyi üçün 2021-ci il ərzində də məhsuldarlıq zəif oldu.

Odur ki, Rusiya, Ukrayna, Kanada, ABŞ, Hindistan taxıl ixracına hələ keçən ildən kvotalar tətbiq etməyə başladılar.

Ona görə də qlobal iqtisadiyyatda, ərzaq bazarlarında problemlər ilkin olaraq pandemiya səbəbindən meydana gəlmişdi ki, Rusiyanın Ukraynaya bu ilin fevralında hücum etməsi başlayan prosesi daha da sürətləndirdi. Və nə qədər ki, Ukraynaya qarşı hərbi təcavüz davam edəcək, mövcud problemlər daha da kəskinləşəcək.

Məsələ bundadır ki, postpandemiya dövrü tam yetişməmiş Rusiya-Ukrayna müharibəsinin başlaması faktına iqlim şəraitinin pisləşməsi də əlavə olunub. Məhz bu səbəbdən ərzaq böhranı – aclıq təhlükəsi lap qaçılmaz hal kimi görünür.

Belə ki, kəskin quraqlıq, temperaturun yüksək olması, qasırğa və sair kimi amillər müharibə regionundan çox-çox uzaqda yerləşən ABŞ, Hindistan, Fransa və digər bu kimi ölkələrdə də ərzaq buğdası istehsalı və tədarükünə “balta” vurub. Cari ildə adlarını qeyd etdiyim ölkələrdən hansısa töhfə gözləmək əbəsdir.

Bəs, belə şəraitdə ölkəmiz ərzaq böhranı – aclıq təhlükəsindən yan keçə və qurtula biləcəkmi? Ümumiyyətlə, ilin sonuna bizi nə gözləyir?

Bəllidir ki, Azərbaycan pandemiya şəraitindən uğurla çıxdı. Düzdür, iqtisadiyyatımız 4,3 faiz gerilədi, daxili və xarici ticarət zəiflədi, ancaq qiymətlər artmadı, istehlak bazarında qıtlıq yaranmadı, iflas faktı ortaya çıxmadı, makroiqtisadi tarazlıq pozulmadı.

Çünki hökumət çevik tərpəndi, qabaqlayıcı tədbirlər gördü, sosial istiqamətdə kompensasiya xarakterli maliyyələşdirmələr, iş adamları və sahibkarlara müvafiq maliyyə dəstəyi və s. tədbirlər həyata keçirdi.

Bəli, ölkəmiz ərzaqlıq buğda sarıdan idxaldan asılı vəziyyətdədir. Yerli istehsal hesabına özümüzü cəmi 58 faiz təmin edirik, 42 faiz idxaldan asılı vəziyyətdəyik. Əsas idxalçılarımızdan birincisi Rusiya, ikincisi isə Ukrayna idi.

Ona görə də ölkəmizin ərzaq təhlükəsizliyinin təmininin əsasını ərzaq buğdası sarıdan tələbatı məhz yerli istehsal hesabına təmin etmək təşkil edir. Yəni, taxıla olan tələbatımızın heç olmasa 85 faizini yerli istehsal hesabına təmin edə bilsək, bu məsələ həllini tapmış sayılacaq. 

Bu baxımdan, dünyada yaranmış vəziyyətdən Azərbaycanı sığortalamaq əsla mümkün deyil. Bunu cari ilin yanvar ayında çörəyin və digər un məhsullarının qiymətlərinin artması bir daha sübut etdi.

Odur ki, nə qədər bədbin proqnoz olsa da, reallıqdır ki, ilin ikinci yarısında, xüsusən də payıza və qışa doğru ölkədə un və un məhsullarının qiymətlərinin yenidən bahalaşacağı qaçılmazdır.

Lakin ölkəmiz aclıq təhlükəsiylə üzləşməyəcək. Çünki hökumət bütün lazımi ehtiyatları görüb və görür. İlin əvvəlindən bəri ərzaqlıq buğda idxalı birə-beş artırılıb. Düzdür, keçən illə müqayisədə hələ ki az təşkil edir. Ancaq bütün mümkün variantlar nəzərdən keçirilir və lazımi səviyyədə istifadə olunur.

Eyni zamanda bu il işğaldan azad olunmuş ərazilərimizdə keçən il aparılan əkin işlərindən də əlavə məhsul götürüləcək. Hansı ki, böyük məhsuldarlıq gözlənilir. O səbəbdən ki, sözügedən ərazilərdə buna hər cür imkan vardır. Belə ki, torpaq keyfiyyətlidir, suvarma imkanları genişdir və sair…

Ümumiyyətlə, Azərbaycanda hökumət təkcə bu günü düşünmür. Belə ki, Rusiya Ukraynaya müdaxilə etməmişdən bir az öncə dövlət başçımız İlham Əliyev Ukraynaya rəsmi səfər etmişdi.

Və orada imzalanan dövlətlərarası sazişlərdən biri ölkəmizin məhz ərzaq təhlükəsizliyinə aid idi.

Bu günlərdə isə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri ölkəmizə səfərə gəlmişdi. İsrail 2025-ci ildə bizdən satın almaq məqsədilə ölkəmizi buğda yetişdirmək üzrə ən son aqrotexniki texnologiyalarla təmin edəcək. 

Bu o deməkdir ki, ərzaqlıq buğda üzrə bu gün özünü cəmi 58 faiz təmin edən Azərbaycan 10-12 ildən sonra bu sahədə ixracçıya çevriləcək. Adıçəkilən ölkənin nazirinin qeyd etdiyi kimi, İsrailin yaxın dostu olan Azərbaycan buğda alacaqları ilk təchizatçı ölkə olacaq. 

“İsrail özü üçün buğda yetişdirə bilməz, biz çox kiçik ölkəyik. Bizə lazım olan buğdanın yalnız bir hissəsini yetişdiririk, qalanını isə xaricdən alırıq”, – deyə, İsraili nazir bildirib. 

Demək istədiyim budur ki, təşvişə düşməyə lüzum yoxdur. Hökumət yaxın və orta perspektiv üçün tədbirlidir. Əsas məqsəd uzaq perspektivdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir