Yerli startaplar “TEKNOFEST Azərbaycan”da – FOTO

İqtisadiyyat

Mayın 26-da Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalına start verilib. Festival yerli startapların innovativ məhsul və xidmətlərinin tanıdılması, investorlara təqdim edilməsi və xarici startaplarla fikir mübadiləsi üçün əlverişli platformadır. 

Bu məqsədlə “TEKNOFEST” çərçivəsində müsabiqələr, “Take Off Baku” startap sammiti və sərgilər keçirilir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) açıq və qapalı məkanlarda keçirilən sərgilərin və “Take Off Baku” startap sammitinin əsas tərəfdaşlarındandır.

KOBİA-nın dəstəyi ilə yerli startaplar onlar üçün ayrılmış xüsusi stenddə innovativ layihə və həllərini təqdim edirlər. Burada kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s. kimi innovativ həllər nümayiş olunur. Qeyd edək ki, müvafiq layihələrə KOBİA tərəfindən “Startap” şəhadətnamələri verilib və qrant vəsaiti ayrılıb. Festival müddətində startaplar layihələrini investorlara və vençur fondlarına təqdim etmək imkanı əldə edəcək, eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışa qatılma imkanı olacaq.

KOBİA-nın stendində həmçinin qonaqlar üçün müxtəlif müsabiqələr təşkil olunur. Sərgi ziyarətçiləri “TEKNOFEST”in konsepsiyasına uyğun olaraq yeni texnoloji trendlər və KOBİA-nın fəaliyyətinə dair sualları cavablandırmaqla hədiyyələr qazanacaqlar.

KOBİA-nın da əsas tərəfdaşlarından olduğu “Take Off Baku” startap sammitin məqsədi regionda innovativ sahibkarlıq üçün əlverişli mühit yaratmaqla startap ekosisteminin inkişafına töhfə vermək və beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Sammit çərçivəsində investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və digər tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Festival mayın 29-dək davam edəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir