Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq? – TƏFƏRRÜAT

İqtisadiyyat

Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30%-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mənzillərə şamil ediləcək.

Bu barədə “Report”a açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov məlumat verib.

ƏDV-nin qeri qaytarılması öhdəliyi Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.

Onun sözlərinə görə, yeni qayda ilə bağlı bəzi məsələlərin tənzimlənməsinə ehtiyac var.

“Mənzil MTK-dan alınmalıdır”

“Ümumi müddəa budur ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30%-i vətəndaşa geri qaytarılır. Hər-hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Bu, MTK da ola bilər, hər-hansı digər korporativ də”, – A.Bayramov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilə qədər ölkədə qüvvədə olan qanunvericiliyə əsasən, bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri idilər:

“Onların vergitutma mexanizmi başqa cür tənzimlənirdi. Yəni mənzilin kvadratı sabit məbləğə, zona əmsalına vurularaq ödəniləcək vergi hesablanırdı.

2021-ci ildən bu şəxslər də ƏDV ödəyicisi olublar. Ola bilər ki, bina tikintisi ilə məşğul olan şirkət bu gün ƏDV ödəyicisidir, amma məsələn, 2019-cu ildə bina tikib, həmin binadan bir neçə satılmayan mənzil qalıb və bu gün şirkət həmin mənzili satır. Bu zaman həmin mənzillərə görə ödənilən ƏDV-nin 30%-i geri qaytarılmayacaq. Çünki həmin bina şirkətin sadələşmiş vergi ödəyicisi olduğu dövrdə tikilib. Amma bina tikintisi ilə məşğul olanların ƏDV ödəməyə cəlb edilməsi barədə qanun qəbul ediləndən sonra şirkət növbəti binanı tikibsə, bu binadan satılan mənzillərə görə ödənilən ƏDV-nin 30%-i vətəndaşa geri qaytarılır”.

Məsələn, mənzil ƏDV də daxil olmaqla 236 min manata satılıbsa, 36 min manat ƏDV məbləğinin 30%-i, yəni 10 min 800 manat vətəndaşa geri qaytarılacaq.

“Digər tərəfdən, vətəndaş mənzili 2021-ci ildə bina tikintisi ilə məşğul olanlara ƏDV-nin şamil edilməsindən sonra alıbsa, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydaların bu günlərdə qüvvəyə minməsinə baxmayaraq, o, ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək”, – ekspert əlavə edib.

“Ödəniş mütləq nağdsız olmalıdır”

Ekspert deyib ki, indiki qaydalarda vacib şərt odur ki, ödəniş mütləq nağdsız qaydada olmalı, yəni MTK-nın birbaşa bank hesabına yatırılmalıdır:

“ƏDV isə ƏDV depozit hesabına ödənilməlidir. Lakin hazırda bununla bağlı qanunvericilikdə məsələ və texniki imkanlar yoxdur. Yəni hansısa şirkətin bank hesabına ödəyə bilərsiniz, amma onun ƏDV-sini depozit hesabına ödəyə bilməzsiniz. ƏDV-ni ancaq köçürmə yolu ilə bankdan banka ödəmək mümkündür. Vətəndaşın bank hesabı olmadığı üçün hökumət burada yeni bir formul fikirləşəcək. Texniki imkanları aktivləşdirəcəklər ki, əsas məbləğ kimi ƏDV MTK-nın ƏDV depozit hesabına rahat ödənilsin və nəticədə həmin ƏDV-nin 30%-ni vətəndaşa qaytarmaq mümkün olsun.

Bu qaydaların qüvvəyə mindiyi günə qədər vətəndaşın ödənişi hansı formada etdiyinin fərqi yoxdur. Bu, nağd qaydada da ola bilər, şirkətin bank hesabına yatırmaqla da. Qaydalar qüvvəyə minəndən sonra isə ödənişlər mütləq şirkətin bank hesabına, ƏDV depozit hesabına olunmalıdır. Artıq nağd ödəniş edilə bilməz. Yəni şirkətin rekvizitlərini alıb banka gedirsiniz və onun bank hesabına ödəniş edirsiniz.

Qeyd edim ki, mənzil alqı-satqısı zamanı ödənişlər tam və ya hissə-hissə edilir. Yalnız bütün ödəniş bağlandıqdan sonra ƏDV-nin 30%-i vətəndaşa geri qaytarılır. Tutaq ki, 236 min manat ödənişin 190 min manatını ƏDV daxil ödəmisizsə, 236 min manat tam ödənilib qurtarandan sonra 36 min manatın 30%-i sizə geri qaytarılır”.

“Bina tam tikilib təhvil verilməlidir”

A.Bayramov bildirib ki, ƏDV-ni geri almaq üçün ödənişi əvvəlcədən etmək kifayət etmir:

”Bəzən ucuz başa gəlsin deyə vətəndaşlar əvvəlcədən ödənişin tam və ya yarı hissəsini ödəyirlər. Ödənişin hamısının əvvəlcədən edilməsi hələ o demək deyil ki, sizə ödədiyiniz ƏDV geri qaytarılacaq. ƏDV-nin 30%-nin geri qaytarılması üçün həm ödəniş tam olmalı, həm də bina tam tikilib vətəndaşa təhvil verilməlidir. Yəni tutalım, ödəniş tam edilib, amma binanın tikintisi hələ dördüncü mərtəbədədirsə, vətəndaş ƏDV-ni geri tələb edə bilməz”.

O hesab edir ki, yeni qaydalarla bağlı sual doğuran məsələlərdən biri də bu qaydaların ipoteka ilə satılan mənzillərə aid olub-olmaması barədədir:

“Yeni tikili binalardan ipoteka yolu ilə mənzil alan zaman ödənişi mənzil sahibinə bank edir və alıcı da borcunu banka ödəyir. Düşünürəm ki, bu qaydalar ipoteka ilə satılan mənzillərə şamil olunmayacaq. Çünki burada bəzi nüanslar uyğunsuzluq təşkil edir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir