“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil biznesi sahəsində əlavə dəstək və təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsi, təhsil biznesinin dəstəklənməsi və təşviqi, təhsil biznesi ilə məşğul olan sahibkarlarla birlikdə onların layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və iştirakını davam etdirməkdədir”.
“Report” xəbər verir ki, bunu KOBİA və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Bu istiqamətdə xüsusi marağın artığı sahələrdən biri də məhz peşə təhsilidir. Hər kəsə məlumdur ki, ölkə rəhbəri peşə təhsilində səmərəli sistem formalaşdırılmasını daim diqqətdə saxlayır. Ölkədə bu yöndə yeni çağırışlara uyğun formatlar yaradılır, pilot təhsil proqramları, karyera planlaşdırmaları tətbiq olunur.
Müasir dövrdə peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələlərdən biridir. Əvvəlki illərdən fərqli olaraq, ümumtəhsil məktəblərində yaxşı oxuyan şagirdlər də peşə təhsili müəssisələrində təhsil alırlar. Bu sahədə əsas strategiya sektorun inkişafını təmin etməkdən, beynəlxalq tərəfdaşlıq sayəsində müasir kadr hazırlığını daha da təkmilləşdirməkdən ibarətdir. Çünki ölkənin sosial-iqtisadi inkişafı bir çox cəhətdən bu amildən də asılıdır.
Deyilənlərlə əlaqədar, KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “Gənclərin Biznes Emalatxanası” layihəsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən kiçik və orta sahibkarlıqla məşğul olan, xüsusilə də biznesə başlamaq istəyən və yaxud yeni ideyalarını həyata keçirmək istəyən peşə təhsili almış gənclər üçün yeni imkanlar açır. Layihə çərçivəsində Ağdam, Qəbələ və Cəlilabad rayonlarında peşə təhsili alan gənclər müvafiq təlimlərdən keçərək aktivlərlə təmin ediləcək. Artıq Ağdam və Cəlilabad rayonlarında 125 nəfərə təlimlər başa çatıb və növbəti mərhələ kimi müxtəlif sahibkarlıq subyektlərində, o cümlədən Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən müəssisələrdə biznes turlarda iştirak ediblər. Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 153 nəfər sonuncu kurs tələbələri üçün də biznes təlimləri davam etdirilir”.
www.RIA24.az