Pərviz Heydərov yazır…
Neftin dünya bazar qiymətlərinin qalxmağa davamlı olaraq meyil etməsi, bu tendensiyanın dəyişməz olaraq qalması ilin ikinci yarısı üçün proqnoz edildiyi kimi yaxşı heç nə vəd etmir. Keçən ilin sonuna yaxın gözlənti var idi ki, bu ilin birinci yarısının yekununa dünya iqtisadiyyatında stabillik əldə olunacaq və qiymətlərin artması prosesi dayanacaq.
Başqa sözlə, dünyada inflyasiya səngiyəcək.
Ancaq Rusiya-Ukrayna müharibəsi hər şeyi alt-üst etdi və etməkdə də davam edir. Bu müharibə dayanmadıqca, qlobal miqyasda müşahidə edilən bahalaşma və iqtisadi tənəzzül prosesləri də dərinləşməyə doğru inkişaf edəcək və edir də. Beləliklə də, “böyük gəminin gövdəsi” çat verə-verə gedir.
Qərb və Avropa İttifaqı (Aİ) başlarını tamamilə itiriblər. İqtisadi maraqlar və mənafelər siyasətə qurban verildikcə bütün sütunlar dağılır. Rusiyaya qarşı növbəti, yəni sayca altıncı sanksiyalar paketini qəbul edərək icra etməkdə dalana dirənən Aİ geri dönmək üçün özünə yol saxlamadığını görür. Odur ki, lap çıxılmaz vəziyyətə düşüb. Çünki qabaqcadan bir çox şeylər düzgün hesablanmalı idi. İndi isə gecdir.
Məsələ bundadır ki, bu gün də düzgün hesablamalar aparılmır. Bunu Macarıstan və Çexiya ilə əlaqədar vəziyyət də sübut edir. Altıncı sanksiyalar paketi məhz bu ölkələrə görə ləngiyir.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen isə Rusiya neftindən asılılığa cari ilin sonunadək 90 faiz son qoyulacağı haqda bəyanat verib. Halbuki Macarıstan ilə Çexiyaya sözügedən paket qəbul edilsə belə, adıçəkilən ölkədən neft və neft məhsulları almağı davam etdirmək məcburiyyətindədirlər.
Çünki başqa çıxış yolu yoxdur. Söhbət elə bir strateji mal və məhsullardan gedir ki, bunlar üzrə ənənəvi təchizatçını əvəz etmək həm böyük vaxt tələb edir, həm də külli məbləğdə vəsait.
Bəli, alternativ mənbələrdən biri məsələn, məhz Azərbaycandır. Ancaq dövlət başçımız İlham Əliyev demişkən, bu sahədə imkanlarımız müəyyən limit çərçivəsindədir.
Bu yerdə həmçinin haqlı bir sual da yerinə düşür, vaxtilə Cənub Qaz Dəhlizi layihəsinə niyə lazımi dəstək göstərilmədi?
Odur ki, Aİ-nin hazırda sanksiyalar oyunu neftin və bütün növ neft məhsullarının qiymətlərini qaldırmaqla qlobal iqtisadiyyatı hər gün bir az uçuruma doğru sürükləyir. Və ilin ikinci yarısında vəziyyətin ümumiyyətlə, dəqiq olaraq necə olacağı tamamilə qaranlıq görünür.
Bu arada bir az əvvəl iqtisadi vəziyyətlə əlaqədar Macarıstanda fövqəladə vəziyyət elan olunması da diqqəti cəlb edir. Belə ki, Rusiya-Ukrayna müharibəsi dayanmasa, qeyd olunan səbəblərə görə, Macarıstan kimi fövqəladə vəziyyət elan edən ölkələrin sayı arta bilər.
Çünki inflyasiyanı saxlamaq mümkün deyil. Rusiyaya qarşı sanksiyalar gücləndirildikcə enerjidaşıyıcıları bahalaşmaqda davam edir. Enerjidaşıyıcılarının bahalaşması isə digər sferalarda qiymətləri qaldırır.
Nəticədə də təklif tələbi ödəmir, dünya iqtisadiyyatı üzrə istehsal dalana dirənir. ABŞ-da yanacağın qiyməti rekord səviyyəyə gəlib çatıb. Bu isə o deməkdir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, inflyasiya alovlanır və iqtisadiyyatda resessiyanın başlanması üçün şərait yaranır.
Ərzaq bazarında vəziyyəti nəzərə alsaq, Macarıstan kimi ölkələrin sayı, yəni fövqəladə vəziyyət elan edən ölkələrin sayının artacağı kifayət qədər realdır. Azərbaycana gəldikdə isə, biz enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olan ölkələr siyahısında deyilik və bu bizim ən böyük xoşbəxtliyimiz sayılır. Ölkəmiz də əgər Aİ ölkələri kimi enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olsaydı, onda bizdə bu gün vəziyyət hansı halda idi, onu düşünmək çətin idi.
Rusiya-Ukrayna müharibəsi davam edərsə və qlobal iqtisadiyyatda ərzaq sarıdan böhran dərinləşərsə, o zaman ölkəmizin də ilin sonuna doğru müəyyən ərzaq məhsulları sarıdan problemlərlə qarşılaşması qaçılmazdır.
Ona görə ki, neft bahalaşmaqdadır. Bu, bir tərəfdən dövlət gəlirlərimizi artırır, digər tərəfdən isə təəssüf ki, addım-addım çətin iqtisadi vəziyyət yaradır…
www.RIA24.az