İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini Vannia Gava ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, 2020-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib.
İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini Vannia Gava iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin önəmini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Vannia Gava Avropada yaranmış təbii qaz tələbatı, eləcə də xammal idxalında olan maraq barədə məlumat verib və bu baxımdan Azərbaycanla əməkdaşlığın vacibliyini qeyd edib.
Tərəflər ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, alternativ enerji, azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
www.RIA24.az