Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər – Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının, mütəxəssislər – Mərkəzi Bankın, Əmanətlərin Sığortalanması Fondunun, Ali Məhkəmənin Mülki Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Azərbaycan Banklar Assosiasiyasının mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.
Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilməlidir.
Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası Mərkəzi Bankının funksionallığına xələl gətirməməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
www.RIA24.az