“Ecosmart siyasət” və qlobal ekoloji çağırışların formalaşdırdığı yeni reallıqlar

İqtisadiyyat

Transmilli şirkətlərin aparıcı mütəxəssislərinin hesablamalarına görə yaxın 25-30 il ərzində insanların istifadə etdiyi enerji mənbələrinin 30-35 faizini bərpa olunan ehtiyatlar təşkil edəcək. Bura günəş, külək və digər enerji mənbələrini aid etmək olar. 

Təbii mənbələrdən əldə edilə bilən və özünü daim yeniləyən enerji mənbəyi olan resursların insanlar üçün faydası yalnız mövcud ehtiyacları ödəməklə bitmir, eyni zamanda ətraf mühitin mühafizəsinə xidmət edən mükəmməl bir sistemin formalaşmasını şərtləndirir. Bu mənada Azərbaycan hökumətinin son illərdə alternativ enerji mənbələrinə xüsusi önəm verməsi tamamilə məntiqlidir. 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbulu bu istiqamətdə atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması prosesin davamlı və sistemi xarakter aldığının, dövlətin bu sahənin inkişafını xüsusi diqqət mərkəzində saxlamasının göstəricisidir. 

Dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri qeyd olunub. Sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilir. Vurğulanması vacib məqamlardan biri də bundan ibarətdir ki, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”  xüsusi əhəmiyyətə malikdir.

Sənəddə əksini tapmış əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışını təmin edən, layiqli həyatın bərpası üçün bütün zəruri infrastrukturun yaradılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 10 dekabr 2021-ci il tarixli Sərəncamında işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi ilə bağlı xüsusi bənd var.  

Beləliklə, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı müvafiq qanunvericilik bazası və icra mexanizmləri müəyyən olunub. Burada heç şübhəsiz ki, əsas məqsədlərdən biri ekologiya və ətraf mühitin maksimum dərəcədə qorunmasına nail olmaqdır. İşğaldan azad olunmuş ərazilərdə icrasına başlanılan “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri Azərbaycan dövlətinin müasir dövrün çağırışlarına uyğun yeni bir strateji xətti həyata keçirməyə başladığını göstərir. Prezidenti İlham Əliyevin ötən il aprelin 19-da imzaladığı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncamını nəzərə alaraq, bu modelin gələcəkdə respublikanın digər bölgələrində də tətbiq olunacağını proqnozlaşdırmaq mümkündür.

Qeyd edək ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində 200 evdən ibarət “ağıllı kənd” layihəsini başa çatdırıb. İşğaldan azad olunmuş digər ərazilərdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq bu layihələr bölgənin sürətli inkişafı, əhalinin məskunlaşması üçün yeni və kifayət qədər əlverişli şərtlər formalaşdırmağı nəzərdə tutur. 

Azərbaycan hökumətinin işğaldan azad olunmuş və bütün infrastrukturu tamamilə məhv edilmiş Qarabağ bölgəsinin dirçəldilməsi ilə bağlı strateji planları nəticə etibarilə həm də ölkənin ümumi iqtisadi inkişaf sistemin çox mühüm bir həlqəsinə çevrilə bilər. Məlum olduğu kimi, “Ağıllı kənd” konsepsiyasının əsas hədəflərindən biri urbanizasiyanın qarşısını almaqdan ibarətdir. Bu mənada Azərbaycanda tətbiq olunan bu model şəhər və kənd arasında sosial-iqtisadi fərqin də xeyli dərəcədə aradan qaldırılmasına stimul yaratmaqla, “kənddə şəhər mühiti” formalaşdırmağa yönəlib. Bütün infrastruktur və xidmətlərin əlçatan olduğu, nəqliyyat-logistika imkanlarının genişliyi ilə xarakterizə edilən bu konsepsiya urbanizasiyanın qarşısını almaqla, həm də ekologiyanın daha yaxşı qorunmasına öz töhfələrini verəcək. Azərbaycan hökumətinin siyasəti azad edilmiş ərazilərdə “yaşıl enerji” bölgəsinin yaradılmasını və həmin ərazilərdə “ağıllı” istehlak sistemlərinin tətbiqi ilə təbii ehtiyatlara, o cümlədən enerjiyə qənaət edilməsini nəzərdə tutur. 

Hökumətin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrdən bir istiqaməti də “Ağıllı şəhər” modeli ilə bağlıdır. Artıq məlumdur ki, Zəngilan şəhərinin yeni Baş planı “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” yanaşması əsasında qurulub. Şəhər mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcəyi planlaşdırılır. Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasını hədəfləyir. 

Təqdim olunan faktlar göstərir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə tamamilə yeni və müasir infrastruktur əsaslanan, bütün parametrləri ilə insanların rahatlığını və eyni zamanda ətraf mühitin qorunmasını təmin edəcək iqtisadi model qurmaqdadır. Azərbaycan hökumətinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, bu modeli gələcəkdə ölkənin digər ərazilərində tətbiq etmək planları, bərpa olunan enerji mənbələrindən istifadə strategiyası müasir çağırışlara cavab verən və gələcəyə yönəlmiş ağıllı ekoloji siyasətin ilkin elementləri kimi qiymətləndirilə bilər. Müasir terminologiyadan istifadə etsək bunu “ekosmart siyasət” kimi də təqdim etmək mümkündür. Bu siyasətin hədəflərini bir neçə əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür:

– Qlobal çağırışları nəzərə alaraq, alternativ enerji mənbələrindən istifadə təcrübəsinin yaradılması və genişləndirilməsi;

– Mövcud təbii enerji ehtiyatlarından daha az istifadə etməklə, qənaət olunan mənbələr hesabına tükənməkdə olan karbohidrogen ehtiyatlarının ixrac potensialının qorunub saxlanılması;

– Su, hava, torpaq, meşə və təbiətdə mövcud olan digər həyati əhəmiyyətli ehtiyatların ekoloji çirklənməsinin qarşısının alınması, mümkün olduğu təqdirdə bu ehtiyatların bərpası və zənginləşdirilməsi;

– Milli təhlükəsizliyin vacib komponentlərindən biri olan insan sağlamlığının qorunması üçün daha əlverişli təbii şərtlərin formalaşdırılması;

– Ekologiya və ətraf mühitə dəyən zərərin tədricən azaldılması, yeni texnologiyaların tətbiqi və məqsədyönlü layihələr sayəsində ekoloji tarazlığın saxlanılmasına nail olmaq;

– Qlobal tendensiyaları nəzərə alan yeni iqtisadi münasibətlər sisteminin, habelə inkişaf modelinin yaradılması;

Qeyd olunan istiqamətlər üzrə ayrı-ayrılıqda təhlillər aparmalı olsaq, gələcəyimiz son nəticə ondan ibarət olacaq ki, bunların hər biri ölkənin qarşısında duran strateji məqsədə – müasir milli dövlət modelinin möhkəmləndirilməsinə və onun qlobal çağırışlarla dözümlülüyünün artırılmasına istiqamətlənib. Bu modelin fəlsəfəsi insan amilinə əsaslanır. Azərbaycan Prezidentinin bir çox çıxışlarında vurğuladığı “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri əslində dövlətin gələcəyə yönəlmiş strateji baxışının özəyini təşkil edir. 

“Ecosmart siyasət” adlandırdığımız anlayış yuxarıda  ifadə edildiyi kimi qlobal çağırışlara cavab verən dayanıqlı müasir milli dövlət modelinin ən vacib komponentlərindən biri kimi nəzərdən keçirilə bilər. Fikrimizi ümumiləşdirərək, belə bir mülahizə ilə də çıxış edə bilərik ki, dünya sürətlə dəyişir və Azərbaycan dövləti bunun fərqindədir. Həyata keçirilən siyasətin bütün təzahürləri, atılan addımların indiki və gözlənilən nəticələri Azərbaycanın yeni dünya nizamına hazırlaşdığını göstərir. Burada yeni dünya nizamı ifadəsi yalnız geosiyasi reallıqları, bölgədə və planetdə dəyişən təhlükəsizlik konfiqurasiyalarını əhatə etmir. Bu, həm də iqtisadi, təbii, ekoloji və digər şərtlərin, iqlim dəyişiklikləri kimi qlobal problemlərin dövlətlərin siyasətinə və beynəlxalq münasibətlərin xarakterinə təsirinin artması deməkdir. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir