“Azərbaycan Türkiyəyə qoyduğu 19 milyard dollar sərmayənin 17 milyard dolları enerji sahəsinə aiddir”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində Bakı və Ankara arasında enerji sahəsində əməkdaşlıqdan danışarkən bildirib.
XİN rəhbəri bir sıra səbəblər və Ukraynadakı müharibə ilə əlaqədar Avropada çox ciddi enerji böhranı olduğunu xatırladaraq təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha çox nəqli üçün çoxlu müraciətlərin olduğunu deyib.
“Azərbaycan və Türkiyənin əməkdaşlığı, həmçinin potensialı ilə Avropa bazarına əlavə təbii qaz hasil etmək imkanları var. Burada uzun illərdir müəyyən edilən uğurlu enerji strategiyası öz bəhrəsini verir. Bu gün ölkələr müraciət edərək əlavə təbii qaz istəyirlər”, – deyə o bildirib.
Xarici siyasət qurumu rəhbərinin sözlərinə görə, bu infrastruktur layihələri vaxtilə böyük çətinliklərin öhdəsindən gələrək həyata keçirilib.
“Vaxtilə o qərarlar veriləndə bir çox ölkələrin torpaqlarından keçməkdə çox böyük müqavimət və çətinliklər var idi. Lakin onların öhdəsindən gəldik və layihələr həyata keçirildi. Məhz bunun sayəsində Türkiyə və Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, xalqlarımızın rifahını yüksəltmək, həmçinin bu böhranda digər qonşu ölkələrə kömək imkanı var”, – deyə Ceyhun Bayramov vurğulayıb.
www.RIA24.az