Rusiya və Ukrayna istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən Azərbaycan üzərindən Orta Asiya istiqamətində yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir.
Bu barədə “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib
O, bildirib ki, Ukraynada limanların blokadada olması alternativ maşrutlar üzrə fəallığı artırır:
“Avstriya, Finlandaiya kimi Avropa ölkələri bizim marşruta yönəlir. Artıq Finlandiya və Avrstiya istiqamətində bir neçə blok qatar yola salınıb. Türkmənistanda da artıq fəallıq hiss edilir. Türkmənistan sərhəddi avtomobil daşımaları üçün bağlı idi. İyunun 1-dən onlar İran və Özbəkistan istiqamətində sərhədləri açıb. Hazırda bütün üzv dövlətlər tərəfindən artan yük həcmini emal etmək üçün operativ tədbirlər görülür.
Əvvəllər ənənəvi olaraq tacik, qırğız, qazax yükdaşıyıcıları Rusiya ərazisindən istifadə edirdilər. O istiqamətdə hərəkət məhdudlaşdırıldığına görə Azərbaycan üzərindən keçən dəhlizə diqqət yönəlib. Ona görə də Azərbaycan üzərindən yükdaşımalar da artım olacaq. Çin tərəfi də aktiv şəkildə bizim marşrut üzrə fəallaşıb. Çin, Özbəkistan, Qırğızıstan 540 km-lik dəmir yolunun inşası ilə bağlı investisiyalar ayırmağa başlayıb. Eyni zamanda Qazaxıstan, Azərbaycan, Gürcüstan üzərindən keçən marşrut üzrə də Çin tərəfindən daha çox yükdaşımların olacağı nəzərdə tutulur”.
R.Bayramov qeyd edib ki, iyunun 29-da TRACECA çərçivəsində üzv ölkələrinin gömrükçülərinin görüşü keçiriləcək:
“Görüşdə gömrük məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılacaq. Digər tərəfdən rəqəmsallaşdırma istiqamətində bir neçə layihəmizi həyata keçirməyə çalışırıq. Onların sırasında Qlobal Tranzit Sazişi də var. İlin üçüncü rübündə bu saziş üzrə pilot daşımanı həyata keçirməyi planlaşdırırıq. Pilot daşımanın hansı istiqamətlərdə olacağı və hansı gömrük-keçid məntəqələrindən keçəcəyi artıq müəyyənləşdirilib. Eyni zamanda Qazaxıstan, Gürcüstan və Azərbaycanda roud-şou keçirildi və biz limanların, dəmiryollarının imkanlarını dəyərləndirdik. Hazırda TRACECA marşrutu üzrə hansı işlərin görülməli olduğu barədə araşdırmalar aparırıq. Xüsusən Xəzər dənizi və Qara dənizdə gəmiçikliklə bağlı araşdırmalar gedir. Bərə və digər tipli gəmilərin analizini aparırıq və bu təhlil nəticəsində müyyən etmək istəyirik ki, hansı həcmdə gəmilərə investisiya yatırmaq lazımdır ki, həm gəmilər daha böyük həcm götürə bilsin, həm də qiyməti aşağı sala bilək”.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton/km olub. Bu isə ötən il eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,02 % və 13,85 % artım deməkdir.
Hesabat dövründə yüklərin 8 milyon 362,3 min tonu və ya 55,3 %-i avtomobil nəqliyyatı, 4 milyon 949,7 min tonu və ya 32,7 %-i dəmir yolu nəqliyyatı, 1 milyon 812,6 min tonu və ya 12 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5 %-i və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər təşkil edib.
www.RIA24.az