Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır.
APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Beləliklə, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29 197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə (26 816 milyon manat) nisbətən 2 381,8 milyon manat və ya 8,9 faiz çoxdur. 2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15 537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13 660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1 534,3 milyon manat və ya 12,6 faiz artırılır.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək.
Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsi xərclərinin 32 303,8 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə (29 879 milyon manat) nisbətən 2 424,8 milyon manat və ya 8,1 faiz, 2021-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4 881,4 milyon manat və ya 17,8 faiz çoxdur.
2022-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,7 faizi həcmində və ya 20 246,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 195,6 milyon manat və ya 1,0 faiz, 2021-ci ilin icra göstəricisinə nisbətən 3 658,1 milyon manat və ya 22,1 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 31,8 faizi həcmində və ya 10 265,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 2 229,2 milyon manat və ya 27,7 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,5 faizi həcmində və ya 1 792,0 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz- bənd artacaq, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.
Büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1 291,1 milyon manat).
Layihəyə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 4 489 892 429 manatdan 5 084 759 665 manata çatdırılır. Bu vəsaitdən müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq.
Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılacaq 2 187 161 364 manat vəsaitdən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442 500 manat yönəldiləcək.
www.RIA24.az