Pərviz Heydərov yazır…
Cari ilin dövlət büdcəsinə dəyişikliklərdə diqqəti cəlb edən və xüsusi olaraq qiymətləndirilməli olan ən mühüm cəhət Dövlət Neft Fondundan (ARDNF) transfert məbləğinin nəyinki artırılmadığı, əksinə azaldılması oldu.
Xatırladım, ötən şərhimdə yazmışdım ki, dövlət büdcəsinə yenidən baxılacağı təqdirdə Neft Fondundan transfertin artırılmaması daha məqsədəuyğundur.
Çünki büdcənin icrası ötən il olduğu kimi yaxşı vəziyyətdədir, bu il də Fonddan transfert onsuz da xeyli aşağı həcmdə həyata keçiriləcəkdi ki, bu da neftdən asılılığı azaltmaq baxımından növbəti bir şans və siqnal sayılacaqdı.
Odur ki, dövlət başçımız İlham Əliyev tərəfindən 2022-ci ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi haqda Milli Məclisə göndərilən müvafiq layihədə bu cəhət olduqca təqdirəlayiq hadisədir.
Dəyişikliklərə əsasən 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat təşkil edəcək ki, bu da uyğun olaraq 2 milyard 381 milyon 800 min manat və ya 8,9 faiz, 2 milyard 424 milyon 800 min manat və ya 8,1 faiz çox deməkdir.
Yenilənmiş dövlət büdcəsi gəlirlərinin 11 milyard 740 milyon manatı və ya 40,2 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 605 milyon manatı və ya 15,8 faizi Dövlət Gömrük Komitəsinin, 11 milyard 517 milyon 500 min manatı və ya 39,4 faizi ARDNF-dən transfertin, 83 milyon 400 min manatı və ya 2,9 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 31 milyon 800 min manatı və ya 1,1 faizi sair, 183 milyon 300 min manatı və ya 0,6 faizi isə büdcə fondlarının payına düşəcək. Beləliklə də, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat az həyata keçiriləcək.
Xatırladım ki, keçən il, yəni 2021-ci ildə və ondan əvvəlki ildə – 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə – 12 milyard 200 milyon manat həyata keçirilmişdi. Cari ilin dövlət büdcəsində isə Fonddan transfert hər keçən illərdəkindən 510 milyon manat və ya 4,2 faiz çox proqnoz edilmişdi.
Diqqət yetirin: Büdcənin dürüstləşdirilməsi ilə ARDNF-dən təsbit olunan transfert məbləğinin 1 milyard 192 milyon 500 min manat azaldılması nəticəsində sözügedən qurumun köçürməsi 2020-ci il və 2021-ci ildəkindən də aşağı səviyyədə təşkil edəcək. Bu da xərclərə dair hissənin 2 milyard 424,8 milyon manat və ya 8,1 faiz artırılması fonunda həqiqətən böyük müsbət hadisə və təqdirəlayiq addım sayılır.
Yeri gəlmişkən, 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə 850 milyon manat az, 11 milyard 350 milyon manat transfert edilmişdi k, ümumiyyətlə, ötən il üzrə dövlət büdcəsinə transfert bölgüsünə diqqət yetirsək, Fond yanvarda köçürmə etməyib, ən çox dekabr ayında edib.
Doğrudur, ortada Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanmalı olan illik maliyyə tutumu 2 milyard 100 milyon manata bərabər 3 milyon 400 min insanı əhatə edən məlum sosial paket var idi.
Lakin, məhz bununla əlaqədar yazmışdım ki, bu, ARDNF-dən transfertin artırılması, yəni 2022-ci ilin dövlət büdcəsində sözügedən qurumun payının 12 milyard 710 milyon manata çatdırılması hesabına baş verməsəydi və yaxud bununla üst-üstə düşməsəydi, daha yaxşı olardı.
Cari il üçün dövlət büdcəsi üzrə dürüstləşdirmədə isə ARDNF-dən transfert məbləğinin azaldılması qeyd etdiyimə sübutdur. Nəyə görə? Ona görə ki, büdcə yuxarıda yazdığıma təkrar olaraq, yaxşı icra edilir. Əvvəla, keçən il olduğu kimi, cari il də neftin dünya bazar qiymətləri bizdə həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulduğundan yüksək səviyyədə olub və bu vəziyyət davam etməkdədir.
Digər tərəfdən, qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın artması nəticəsində ARDNF-dən transfertə getdikcə tələb azalır. Cari ilin ilk 5 ayı ərzində ölkədə 50 milyard 900 milyon manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 25 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu isə o deməkdir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2, o cümlədən qeyri neft sektoru üzrə 11 faiz artıb.
2022-ci ilin il 5 ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 353 milyon 400 min manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 591 milyon 500 min manat və ya 33,4 faiz çox deməkdir.
Dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,1 faiz təşkil etməklə proqnoz göstəricisinə (44,9 faiz) nisbətən 6,2 faiz-bənd artıb.
Göründüyü kimi Neft Fondundan transferti azaltmağı zəruri edən şərt var ki, bu da qeyri-neft-qaz sektorudur. Ötən dəfə də yazdım ki, cari ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə həcminə görə ən böyük büdcədir. Və onun gəlir və xərclər hissəsi uyğun olaraq 26 milyard 816 milyon və 29 milyard 879 milyon manat təşkil etməklə, ABŞ dolları ifadəsində hazırkı məzənnə ilə 16 milyard dollara yaxın və ya 17 milyarddan çoxa bərabərdir.
ARDNF-dən transferti artırmadan belə büdcəyə dəyişiklik etməklə ölkə üzrə minimum əməkhaqqı və pensiya məbləğini qaldırmaq mümkün idi. O baxımdan, dünya iqtisadiyyatında inflyasiya və bahalaşmanın getdikcə gücləndiyi zamanda ölkəmizdə dövlət büdcəsi yüksək göstəricilərlə icra edilməkdədir. Ən azı sırf sosial istiqamətdə xərcləri artırmaq məqsədilə Fonddan transfertə toxunmamaq məsləhət idi.
Yeri gəlmişkən, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən isə 2025-ci ilə qədər dövlət sektorunda xərclənən neft vəsaitlərinin payı 15 faizə enməlidir.
2025-ci ilə 3 il qalır. Cari ilin dövlət büdcəsinə dürüstləşdirmə nəticəsində isə ARDNF-dən proqnozlaşdırılan transfert azaldılaraq bir daha qeyd edirəm ki, 11 milyard 517 milyon 500 min manata bərabər olmaqla 39,4 faiz təşkil edəcək.
www.RIA24.az