Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi – Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt təsdiqini tapmayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, adıçəkilən şəxslər ötən gün 2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər:
“Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Onlara “kəskin qastrit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar”.
AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.
10:54
Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin iki tələbəsi -17 yaşlı İslam Balayev və Bahadur İmanov – qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.
İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərləndikləri üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
www.RIA24.az