“2022-ci ilin ilk 6 ayı ərzində Metrologiya Departamentinə sayğaclarla bağlı 2 min müraciət daxil olub”.
Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentinin rəisi Zehin Rəsulov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Departament rəhbəri qeyd edib ki, Birlik əməkdaşları qaz sayğacına müdaxilə halı aşkarlayarsa, sayğac abonentin iştirakı ilə çıxarılır, akt tərtib olunur və möhürlənib Departamentə gətirilir.
“Müvafiq sahə üzrə idarə abonentə SMS bildiriş göndərir və vətəndaşın iştirakı ilə sayğaca baxış keçirilir. Digər hallar da ola bilər. Abonent hesab edir ki, onun sayğacı düz yazmır və digər bu kimi nasazlıqlar yaranıb, bu zaman da onun sayğacı eyni qaydada çıxarılıb Departamentə gətirilir.
Bütün hallarda məişət sayğaclarının qulluğu “Azəriqaz” İB-nin hesabına keçirilir. Heç bir halda abonentdən ödəniş tələb olunmur. Dövri yoxlamaya gətirilən sayğaclara baxış zamanı abonentlər iştirak etməlidir. Baxmayaraq ki, cari ilin 6 ayında 2 mindən yuxarı müraciət olunub, amma sayğacların təftişində iştirak edən abonentlərin sayı 78 nəfər olub”, – deyə departament rəisi bildirib.
www.RIA24.az