Birinci Qarabağ müharibəsindən əvvəlki dövrə nəzər saldıqda Azərbaycan, Gürcüstan və Ermənistan Sovet İttifaqının tərkibində olarkən sıx iqtisadi əlaqələrə sahib olduğunu görürük. Tarixən üç qonşu dövlətin insanlarının istədikləri zaman bir-birinin ərazisinə keçməsi və oradan lazımi məhsulları rahatlıqla alıb-satması mümkün olub. Yüksək səviyyəli ticarət əlaqələri isə özlüyündə iqtisadiyyatın canlanmasına gətirib çıxarıb.
Lakin Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinə təcavüz etməsi və 30 il torpaqlarımızı işğal altında saxlaması bu əlaqələrin tamamilə qopmasına səbəb olub. İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan-Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması gündəmdə olan əsas məsələlərdəndir. Müqavilənin imzalanacağı təqdirdə həmin münasibətin yenidən bərpasının tərəflər üçün faydalı olacağı barədə fikirlər səslənir.
Maraqlıdır, sülhə nail olunarsa, bu, tərəflər arasında iqtisadi əlaqələrə necə təsir göstərər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, bu üç Qafqaz respublikası arasında iqtisadi əlaqələrin bərpa edilməsi üçün sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılması əsas şərtlərdən biridir:
“Ondan sonra artıq detallar müəyyən olunacaq, istiqamətlər müəyyənləşdiriləcək və bu istiqamətlər üzrə təbii inkişaf prosesi gedəcək. Əvvəllər Azərbaycan, Gürcüstan və Ermənistan arasında sıx iqtisadi münasibətlər, həmçinin miqrasiya münasibətləri olub. Vətəndaşlar öz təşəbbüsləri ilə Ermənistandan, Gürcüstandan rahatlıqla bazarlıq edib gələ bilirdilər. Sovet hökuməti dönəmində alver qadağan idi, onunla məşğul olmaq olmazdı, ticarətlə yalnız dövlət qurumları məşğul ola bilərdi, amma buna baxmayaraq, qadağanı aşan çox qabiliyyətli adamlar vardı ki, o vaxt onları rejimin ünsürləri sayırdılar. Həmin adamlar gedib Gürcüstandan, Ermənistandan Azərbaycanda tapılmayan malları gətirir və satırdılar, yəni qeyri-qanuni bizneslə məşğul idilər. Amma indi artıq biznes qadağan deyil, ona görə də əlaqələr açılandan sonra bu ölkələr arasında iqtisadi münasibətlər istər-istəməz yüksək inkişaf etməyə başlayacaq”.
Ekspert tərəflər arasında ilk olaraq siyasi məsələləri həll etməyin lazım olduğunu deyib:
“Sülh sazişinə nail olunmalıdır və kommunikasiya xətlərinin açılması reallaşmalıdır. Düzdür, düşmənçilik məsələsi də var, lakin dünya praktikasından bəllidir ki, heç bir xalq bir-biri ilə əbədi düşmən olmur. Tarixin müxtəlif mərhələlərində düşmən olan millətlər olub, məsələn, almanlarla fransızlar, almanlarla ruslar uzun müddət düşmən olublar, amma sonralar bu aradan qaldırılıb. Xalq düşmənçiliyini aradan qaldırmaq üçün müəyyən mərhələ lazımdır, amma bu mərhələni də keçmək üçün normalar olmalı, münbit şərait yaradılmalıdır, bu da dövləti idarə edən hökumətlərin üzərinə düşür”.
Aqil Vəlili
www.RIA24.az