Mərkəzi Asiyaya yük daşıyan türk TIR-larının daha böyük hissəsi Azərbaycandan keçəcək

İqtisadiyyat

Logistika sahəsində dövlət-özəl sektor əməkdaşlığına böyük əhəmiyyət verən Bakı Limanı Türkiyənin ən böyük holdinqlərindən  olan “Albayrak” şirkətlər qrupu ilə əməkdaşlığa başlayır.

Bununla bağlı bu gün Bakı Limanı və “Albayrak” şirkətlər qrupu arasında Ələtdə yerləşən Bakı Limanında birgə fəaliyyət müqavilələri imzalanıb. İmzalanan müqavilələrə əsasən Tərəflər Bakı Limanının “Gübrə terminalı”, “Ro-Ro” terminallarının birgə işlədilməsi və digər sahələrdə sıx əməkdaşlıq edəcəklər.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Albayrak” şirkətlər qrupunun rəhbəri Ahmet Albayrak arasında imzalanan müqavilələrin əsas məqsədi Avropa ilə Asiya arasında mövcud olan logistik yük həcminin daha çox hissəsinin Azərbaycan üzərindən  Bakı Limanı vasitəsilə tranzit keçidini təmin etməklə, yerli və regional iqtisadiyyatın inkişafına töhfə verməkdir.  

Bu tərəfdaşlıq əsasında “Albayrak” şirkətlər qrupu Bakı Limanında təkərli texnikaların daşınması üçün istifadə edilən “Ro-Ro” terminalının müasir standartlara uyğun, yük daşıyıcıları üçün ən optimal şərait yaratmaqla idarəedilməsində iştirak edəcək. Burada əsas məqsəd Türkiyə, Avropa və Mərkəzi Asiya arasında mövcud olan TIR dövriyyəsinin əhəmiyyətli bir hissəsinin ölkəmizdən tranzit keçidini təmin etməklə Bakı Limanının bu nəqliyyat dəhlizində mərkəz (hub) kimi inkişafına təkan vermək və Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmaqdır.

Belə ki, hazırda Mərkəzi Asiya və Türkiyə arasında illik TIR dövriyyəsi 120-150 min ədəd arasında dəyişir və bu həcmin cəmi 20 %-i Azərbaycan üzərindən keçir. Əsas hədəflərdən biri də qısamüddətli dövr üçün bu həcmin ən az 50 % -nin Azərbaycandan tranzit keçidini təmin etməkdir. 

İmzalanan müqavilələrə əsasən, “Albayrak” şirkətlər qrupu Bakı Limanı ərazisində inşa edilən Gübrə terminalında investor və idarəedici qismində iştirak edəcək. Belə ki, hazırda Bakı Limanından keçməklə Mərkəzi Asiyadan Avropa istiqamətinə gübrə məhsullarının daşınması həyata keçirilir və ötən il bu rəqəm 66%-lik artımla 1,1 milyon tona yaxın olsa da, bu marşrut üzrə mövcud potensial bu göstəricidən qat-qat çoxdur.

Bunun üçün də hələ ötən ildən başlayaraq liman ərazisində illik yükaşırma gücü 2.5 milyon tondan çox olan yeni gübrə terminalı və ümumi tutumu 60 000 ton olan Gübrə anbarının tikintisi həyata keçirilir. Albayrak şirkətlər qrupu ilə imzalanan digər bir müqavilə ilə sözügedən holdinq növbəti ilin ilk yarısında istifadəyə verilməsi nəzərdə tutulan bu terminalın idarə edilməsində də iştirak edəcək.

Bu müqavilənin imzalanması ilə başlayan əməkdaşlığın əsas məqsədi Mərkəzi Asiyadan Avropaya daşınan gübrə məhsullarının daha böyük hissəsinin Azərbaycandan tranzit keçməklə Bakı Limanı vasitəsi ilə daşınmasının təmin etməkdir. Dünyanın müxtəlif ölkələrində liman idarəetməsi təcrübəsi olan Albayrak Holdinq bu terminalın işinin ən müasir dünya standartları səviyyəsində qurulmasını, operativ logistika həlləri tətbiqini və peşəkar ekspertlərin bu prosesə cəlb edilməsini təmin edəcək. 

Qeyd edək ki,  tərkibində 50-dən çox şirkəti birləşdirən, inşaat, sənaye, media ilə yanaşı həm Türkiyə, Avropa, həm də Afrikanın şərqində və qərbində liman idarəetməsi və qısa zamanda beynəlxalq ticarətin formalaşdırılması kimi mühüm təcrübəsi olan “Albayrak” şirkətlər qrupu ilə əməkdaşlığın, regionda əsas logistika mərkəzi olan Bakı Limanının inkişafına böyük töhfə verəcəyi gözlənilir. Belə ki, bu əməkdaşlığın qurulması ilə Bakı Limanına daha böyük həcmdə yükün cəlb edilməsi proqnozlaşdırılır ki, bu da həm tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırmağa, həm də iş yerlərinin açılmasına, o cümlədən gəlirliliyin artırılması ilə Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmağa imkanlar yaradacaqdır. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir