Aİ komissarı: “Azərbaycan qazı enerji böhranı dövründə sabitliyin faktorudur”

İqtisadiyyat

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.

Aİ-nin komissarı Kadri Simson “Report”a müsahibəsində Bakıya səfərin məqsədləri barədə danışıb.

– Planlaşdırılan səfər üç dəniz regionunda balanslaşdırılmış və dayanıqlı enerji sektorunun qurulmasına necə təsir göstərəcək? Bununla əlaqədar hansı tədbirlərin görülməsi planlaşdırılır?

– Növbəti həftə baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək məqsədilə enerji sahəsində strateji tərəfdaşlığı möhkəmləndirməyə çalışacaq.

– Hazırda Avropada Azərbaycan təbii qazına tələbat necədir?

– Aİ enerji keçidi dövründə etibarlı və planlaşdırıla bilən təbii qaz nəqlinə ehtiyac duyur. Azərbaycandan planlaşdırıla bilən və qarşılıqlı fayda kəsb edən təbii qaz nəqli enerji böhranı dövründə sabitliyin faktorudur. Cənub Qaz Dəhlizinin genişlənməsi Aİ-yə təbii qaz nəqli üçün cəlbedici və sabit şəraiti təmin etməklə, Aİ və Azərbaycan arasında uzunmüddətli enerji tərəfdaşlığının xarakterini əks etdirəcək. Quracağımız tərəfdaşlığın gələcəkdə təbii qaz çərçivəsindən çıxması çox vacibdir. Biz hidrogen istehsalının və infrastrukturun inkişaf etdirilməsi, həmçinin bərpa olunan enerji mənbələri sahəsində digər layihələr üzərində işləmək istəyirik.

– Azərbaycana əvvəlki səfəriniz zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə danışıqlar aparıldı. Hazırda bu danışıqlar hansı mərhələdədir? Ümumiyyətlə, bu məsələnin mümkünlüyü hansı səviyyədədir? Növbəti həftə Bakıya baş tutacaq səfəriniz zamanı bu məsələ müzakirə olunacaq?

– Bizim tərəfdən Cənub Qaz Dəhlizinin genişləndirilməsi REPowerEU planında siyasi prioritet və Rusiya qazından imtina etdiyimiz bir zamanda Aİ-yə enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi üçün əsas tədbir kimi müəyyən edilib. Bu məsələ bazar ertəsi Bakıda azərbaycanlı tərəfdaşlarımızla baş tutacaq müzakirələrin diqqət mərkəzində olacaq. Ümid edirik ki, son aylar ərzində baş tutan intensiv fikir mübadilələrimiz öz nəticəsini verəcək.

Artıq qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizi Rusiya kimi etibarsız tərəfdaşdan kənarda şaxələndirmə planlarımızda əsas rol oynayacaq. Azərbaycan təbii qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinin artırılması Bakıda aparılacaq müzakirələrdə əsas rol oynayacaq. Əminəm ki, mövcud və gələcək ehtiyaclarımızı təmin edəcək və “yaşıl” texnologiyalara keçidi dəstəkləyəcək enerji tərəfdaşlığı qura biləcəyik.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir