“2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub”.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
“Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Kənd təsərrüfatında ola bilsin ki, iqlimlə bağlı ilk altı ayda artım hələ ki, müsbət zonadadır, lakin minimal müsbət zonadadır. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artmışdır”, – M.Cabbarov qeyd edib.
“Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə hazırda ölkəmizin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi diqqət yetiririk. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr – “SOCAR Karbamid”, “SOCAR Metanol”, “Azerfloat” artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini gerçəkləşdirmək üçün qazdan xammal kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin də işə salınması üzərində fəal iş aparılır. Bu qəbildən olan və Sizin tapşırığınıza uyğun olaraq yaradılmış iki yeni müəssisəni uğurlu nümunə kimi qeyd edə bilərəm. Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşasını artıq başa çatdırmışıq və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır. Eyni ərazidə yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir.
Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur. Siz Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi mövzusuna toxundunuz və tranzit yükdaşımaları ilə bağlı bu fəaliyyəti həmkar qurum, struktur və nazirliklər ilə çalışaraq sıx əlaqələndiririk. Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi bir tərəfdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının modernləşməsinə və nəticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verir”, – nazir vurğulayıb.
“İnvestisiyalara gəldikdə, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb”, – Mikayıl Cabbarov bildirib.
www.RIA24.az