Kirayə bazarında “texnoloji” dələduzluq: Real bazar qiymətindən ucuz ev tələsi – FOTO

İqtisadiyyat

Son dövrlər sosial şəbəkələrdə dələduzluq halları kütləvi xarakter alıb. Ən müxtəlif vasitələrlə vətəndaşların etibarından sui-istifadə edilir, hansısa xidmət müqabilində onlardan əvvəlcədən onlayn ödənişlər qəbul olunur, əvəzində isə heç bir xidmət göstərilmir. Bir çox hallarda onlayn ödəniş qəbul edən tərəf sözün əsl mənasında yoxa çıxır. Aldadıldığını hiss edən vətəndaş pulunu geri qaytara bilmir, nəticədə ona müəyyən məbləğdə maddi ziyan dəyir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

Belə dələduzluq halları kirayə mənzil bazarında da müşahidə olunur: Şəhərin mərkəzi ünvanında hər cür şəraiti olan kirayə mənzil real bazar qiymətindən 50-100 manat ucuz təklif olunur. Bu elan özünə kirayə ev axtaran hər hansı vətəndaşın qarşısına çıxan kimi dərhal diqqətini cəlb edir. İstər-istəməz həmin mənzillə maraqlanır, əldən buraxmaq istəmir, əlaqə vasitələri ilə kirayə verənlə onlayn şəkildə yazışır, dərhal behləşmək istəyir. Bu zaman vətəndaşa kart hesabı göndərilir. Tələb edilir ki, beh kimi nəzərdə tutulan məbləği o hesaba ödəsin. Ödənişi edən vətəndaş dələduzların toruna düşür. Sonradan nə kirayə mənzil əldə edə bilir, nə də əlaqə yaratdığı şəxsi tapıb ödədiyi məbləği geri qaytara bilir.

Əmlak eksperti Ramil Osmanlı son vaxtlar belə dələduzluq hallarının geniş vüsət aldığını xatırladıb. Mənzil kirayələmək istəyən vətəndaşlara tövsiyə edib ki, mənzilə yerində baxış keçirmədən, real şəraitlə tanış olmadan, müvafiq sənədləşmə işi aparmadan kimsəyə inanıb onlayn qaydada ödəmə həyata keçirməsinlər:

“Kirayə mənzil axtaranlar tanımadıqları, üzünü görmədikləri şəxslərin kart hesablarına əvvəlcədən hər hansı ödəniş etməsinlər. Başa düşülən haldır ki, kirayə mənzil bazarında təklif aşağıdır və insanlar ev tapmaqda çətinlik çəkirlər. Amma bu əsas vermir ki, insan görmədiyi evə görə tanımadığı bir şəxsin hansısa hesabına aylıq kirayə haqqının 25-30, bəzi hallarda hətta 50 faizini əvvəlcədən ödəsin, bu behləşməyə görə heç bir hüquqi təminat almasın. Vətəndaşlar belə məsələlərdə maksimum səviyyədə diqqətli olmalıdırlar. Əks halda, ayrı-ayrı şəxslərin dələduzluğunun qurbanı olacaqlar. Belə hallarla rastlaşan vətəndaşlar vaxtilə bizə də müraciət ediblər. Fikrimcə, bu hadisələrin araşdırılması, dələduzların ifşa olunması üçün hüquq-mühafizə orqanlarının üzərinə böyük iş düşür. Bununla belə, vətəndaşlar da belə məsələlərdə öz mənəvi-hüquqi məsuliyyətlərini anlamalıdırlar”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də qəzetə açıqlamasında deyib ki, sosial şəbəkələr üzərindən dələduzluq halları olduqca artıb. Onun sözlərinə görə, nəinki kirayə bazarı ilə bağlı, həmçinin digər qəbildən olan cinayətlər, o cümlədən narkotik vasitələrin alqı-satqısı, işədüzəltmə adı altında dələduzluq halları müşahidə olunmaqdadır:

“Mediada yayılan məlumatlara görə, bir şəxs dövlət orqanının adından çıxış edərək sosial şəbəkə üzərindən işə qəbul adı ilə 200 nəfərə yaxın vətəndaşı aldadıb. Buna həm təəccüb etdim, həm də məəttəl qaldım. Axı necə ola bilər ki, insanlar yaxşı tanımadıqları, bəzən isə ümumiyyətlə üzünü görmədikləri dələduzların yalançı vədlərinə inanır, onların təsiri altına düşürlər? Yəqin ki, burada insanların müəyyən qədər hüquqi savadının olmaması, bəzən ayıq-sayıqlığı itirmələri, qabağa düşmək xətrinə tələskənliyə yol vermələri rol oynayır. Nəticədə bu başdan atılan tələsik addımın təsiri nəticəsində vətəndaş daha böyük zərərlə üzləşir. Maraqlı məqam həm də burasıdır ki, sosial şəbəkə üzərindən törədilən dələduzluq hallarının mütləq əksəriyyətində kart hesablarına ödənişlərin edilməsi tələb olunur. Bu, kimlərəsə kömək, yardım etmək adı altında, işə düzəltmək, alqı-satqı və sairlə bağlı olur. Fikrimcə, belə xoşagəlməz hallara qarşı kütləvi informasiya vasitələrində davamlı maarifləndirmə işi aparılmalıdır. İnsanlara çağırış edilməlidir ki, ayıq-sayıq olsunlar, aldadılmasınlar”.

Hüquqşünas tövsiyə edib ki, mənzil kirayələmək istəyən hər bir vətəndaş mülkiyyət sahibi ilə real şəraitdə görüşməli, mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədlərlə tanış olmalı, icarəyə verən şəxslə hüquqi müstəvidə razılaşma imzalamalı, yalnız bundan sonra ödəniş etməlidir:

“Sənədləşmə işi rəsmi qaydada aparılmalıdır. Notarial orqana icarə və kirayə müqaviləsi imzalamaq üçün müraciət edilməlidir. Orada lazımi sənədləşmə işi aparılacaq, tərəflər öz üzərinə müəyyən öhdəliklər götürəcəklər. Yoxsa küçədən keçən biri ilə şifahi razılıq əldə etmək, ona pul ödəməklə məsələ həllini tapmır. Pulu alan şəxs sonradan qaçıb aradan çıxa bilər. Bu zaman onu necə və haradan tapacaqsan? Necə sübut edəcəksən ki, ona hansı məbləğdə pul ödəmisən? Ortada sənəd yox, sübut yox. Ona görə də ilk növbədə hər bir vətəndaş diqqətli olmalıdır. İnformasiya əsri olan XXI əsrdə insanların bu cür dələduzluq hallarının qurbanına çevrilməsinin özü qəribədir”.

Ç.Qənizadə söyləyib ki, vətəndaşlara qarşı dələduzluq törətmiş şəxslərin təqsiri sübuta yetirildiyi zaman onlar Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar:

“Əgər dələduzluq halı zamanı vətəndaşlara çox az miqdarda, yəni 50-100 manat arası ziyan vurulubsa, buna görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin bu hal dəfələrlə törədilirsə, maddi ziyan yüzlərlə manat həcmində olursa, buna görə məsuliyyət də ağırlaşır. Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə, yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, xeyli miqdarda ziyan vurulduqda daha ağır cəzalar tətbiq olunur”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir