İqtisadçı: “Müharibə bitmədən neftin qiyməti düşməyəcək” – MÜSAHİBƏ + FOTO

İqtisadiyyat

“İnflyasiyanı cilovlamaq üçün humanitar siyasət olaraq bilavasitə uçot dərəcəsinin FED (Federal Ehtiyat Sistemi) tərəfindən qaldırılması işə yaramır. Çünki qaldırılmış uçot dərəcəsi dolları bahalaşdırır, bu da digər valyutalara ciddi şəkildə təsir göstərir”.

Bu fikirləri Oxu.Az-a müsahibəsində iqtisadçı-ekspert Eldəniz Əmirov səsləndirib. O, Prezident İlham Əliyevin ilin altı ayının yekunlarına həsr olunan müşavirədə iqtisadi tənəzzüllə bağlı səsləndirdiyi fikirlərdən danışıb.

Müsahibəni təqdim edirik:

– Dövlət başçısı müşavirədə dünya iqtisadiyyatında resessiyanın qaçılmaz olduğunu və buna hazır olmağımızın  gərəkdiyini  bildirdi. Həmçinin resessiyanın ilk olaraq neftin qiymətinə mənfi təsir göstərəcəyini vurğuladı. İqtisadiyyatda tənəzzül olacağı təqdirdə neftin qiyməti minimum hansı səviyyədə qərarlaşa bilər?

– Nəinki gələcəkdə, dünya artıq iqtisadi böhranı yaşamaqdadır və bu, bir müddət davam edəcək. Pandemiya dövründə baş vermiş neqativ hallar böhranın başlanğıcını qoydu, Rusiya-Ukrayna müharibəsi isə bunu daha da sürətləndirdi. ABŞ son 40 ilin ən yüksək inflyasiya səviyyəsini yaşayır, eləcə də dünyanın digər ölkələri.

Neftin qiymətinin artması neft idxal edən ölkələrdə istehsalın bahalaşmasına gətirib çıxarır. Bu da özlüyündə bizim idxal etdiyimiz məhsullarda qiymət artımına səbəb olur. Yəni dünya, doğrudan da, qarışıq bir iqtisadi böhran yaşayır və perspektivdə Rusiya-Ukrayna münaqişəsinin həll edilməsi baş vermədən, yəni müharibə dayanmadan neftin qiymətinin azalacağını gözləmək düzgün olmaz. Müharibənin yekunlaşması neftin qiymətində enişlərə və stabilləşməyə gətirib çıxara bilər.

– İqtisadi tənəzzülə hazır olma yollarımız nələrdir?

– Artıq 2021-ci ildən başlayaraq bu istiqamətdə müxtəlif səpkili işləri müşahidə edirik. Belə ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, eyni zamanda məşğulluğun qorunub- saxlanmasında atılmış bir neçə addım var. Paralel olaraq iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün müəyyən işlər görülür.

– Neftdən asılılığımızı sonlandırmaq üçün daha çox hansı sahələrin inkişafına diqqət ayrılmalıdır? Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı üçün atılan addımları necə qiymətləndirirsiniz?

– Biz turizmi qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olaraq qeyd etsək də, quru sərhədlərin bağlı saxlanılması bu sektora mənfi yöndə ciddi təsir göstərib. Digər bir prioritet istiqamət olan kənd təsərrüfatı üzrə də göstəricilərimizdə  müəyyən artımlar olsa da,  bu, o qədər yüksək səviyyədə deyil. Hazırda büdcə daxilolmalarının artmasında da, qeyri-neft sektorunun inkişafında da neft sektorunun rolu böyükdür. Çünki neft sektorundan daxil olmuş vəsaitlər qeyri-neft sektorunda aktivliyi yaradan əsas faktorlardır. Neft gəlirlərindən qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməli və institusional səviyyədə addımlar atılmalıdır.

Bəzi Avropa ölkələri istisna olmaqla, reallıq bunu göstərir ki, neft gəlirləri olan ölkələrdə qeyri-neft sektorunun inkişafı o qədər də uğurlu olmur, çünki gəlir bir növ rahatlıq yaradır. Lakin biz mümkün qədər neft gəlirlərindən asılılığı azaltmaq üçün real sektorun irəliləməsinə önəm verməliyik. Turizmin, kənd təsərrüfatının inkişafına üstünlük verməli, ən böyük diqqəti isə aqrar sənaye komplekslərinin yaradılmasına yönəltməliyik. Kənd təsərrüfatı sahəsində müəyyən güzəştlər olsa da, emal sənayesində bu güzəştlər yoxdur. Məhsulların tarlalardan, fermalardan emal müəssisələrinə göndərilməsi kənd təsərrüfatında daha çox dəyər yaratmağa imkan verər. Hazırda fokuslanmalı olduğumuz ən vacib məsələ Azərbaycanda emal sənayesinin yaradılması və mövcud olanların genişləndirilməsidir. Bu istiqaməti stimullaşdırmaq üçün güzəştə ehtiyac duyulur.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir