Fazil Mustafa: “Gömrük Komitəsini ləğv etmək dövlətin bir budağını kəsməkdir” – FOTO

İqtisadiyyat

“Dövlət gömrüyü fiskal deyil, uçot qurumu olaraq görməlidir. Çünki fiskal qurum olaraq görəndə daha çox büdcə qarşısında öhdəliyin yerinə yetirilməsi əsas qiymətləndirmə meyarı olur. Belə olduğu təqdirdə isə rüsum tətbiqinə meyil daha çox artır. Bu da qiymət bahalaşmasından tutmuş monopoliya, inhisarçılıq kimi problemlərin yaranmasını şərtləndirir”.

Bu fikirləri iqtisadçı-ekspert Rəşad Həsənov Gömrük Komitəsindəki son həbslərin Azərbaycan iqtisadiyyatına təsirlərini Oxu.Az-a şərh edərkən səsləndirib.

Bir neçə gün öncə Gömrük Komitəsində aparılan əməliyyatda saxlanılan şəxslərə qarşı külli miqdarda vəsaitin mənimsənilməsi, rüşvət alma, əsgərlərə göndərilməli olan siqaretlərin satılması kimi ittihamlar irəli sürülüb. Bəzi mütəxəssislər hesab edirlər ki, rüşvət və korrupsiya sistemli şəkildə həyata keçirilən bir prosesdir, yəni hansısa qurumda sadəcə 3-5 nəfərin saxlanılması ilə rüşvətin qarşısını almaq mümkün deyil. Buna görə də gömrük sahəsində ciddi islahatlara ehtiyac duyulduğu bildirilir. Bəziləri yeyintini önləmək üçün bu qurumun tamamilə ləğvini və yeni Gömrük Konsepsiyasının hazırlanması təklifini də irəli sürür. 

Məsələyə münasibət bildirən R.Həsənov da Gömrük Komitəsinin ayrıca qurum olaraq fəaliyyət göstərməməli olduğunu düşünür: 

“İlk növbədə Azərbaycan hökuməti gömrük orqanlarının işi, vəzifə və funksiyaları ilə bağlı özü üçün bir aydınlaşdırmaya getməlidir. Gömrük bu günədək daha çox fiskal qurum olaraq görülüb, dövlət büdcəsinin gəlirlərindən formalaşmasında mühüm rol oynayıb, təxminən 15-20 faiz dövlət büdcəsinə gömrük daxilolmaları qeydə alınıb. Ölkədə iqtisadiyyat, istehsal o qədər də inkişaf etməyib və Azərbaycan iqtisadiyyatı son illərdə idxal istiqamətində daxil olan məhsulların tədarük və dövriyyəsinin təşkili ilə bağlı fəaliyyətlərə fokuslanıb. Ona görə də hökumət gömrüklə bağlı yeni yanaşma ortaya qoymalıdır və uçot qurumu olaraq müəyyən etməlidir. Yaxşı olar ki, gömrük ayrıca qurum olaraq fəaliyyət göstərməsin, biz bunu uzun illər layihə olar da təklif etmişik. Maliyyə Nazirliyinin daxilində fəaliyyət göstərən və büdcə gəlirlərini təmin edən, yaxud da Dövlət Vergi Xidmətinin nəzdində fəaliyyət göstərən bir struktur olmalıdır. Çünki burada DGK-nın topladığı yığımlar Gömrük Komitəsi səlahiyyətində olmamalıdır, Vergi Xidmətinə aid edilməlidir. Ona görə də gömrük strukturu mütləq zəiflədilməlidir”.

Ekspert diqqətə çatdırıb ki, hərbiləşdirilmiş və təsiretmə gücünə malik hər hansı bir qurumda müdaxilə imkanları daha çox olur, çünki böyük səlahiyyət sahibi olurlar. Həmin böyük səlahiyyətlər isə müxtəlif kombinasiyalarda korrupsiyanı formalaşdırır:

“Hökumət gömrükdən yığım aləti kimi istifadə etməməlidir, çünki gömrükdə tutulan hər bir qəpik  vətəndaşların cibindən gedən puldur. Nə olsun ki, il ərzində oradan 4-5 milyard manat büdcəyə daxilolma təmin edilib. Bizim büdcənin ədalətli paylanılması təmin edilməyib, biz hər kəsdən tutduğumuz vəsaitin qeyri-ədalətli şəkildə bölüşdürməsini aparırıq. Ədalətli olan hər kəsdən vəsait tutmamaqdır. Düzdür, bu addımı müəyyən mənada yerli istehsalın, sahibkarlığın qorunması kimi izah edəcəklər. Amma 30 ildə də bu yanaşmanı ortaya qoydular və özünü doğrultmadı. Ümumdünya Ticarət Təşkilatına daxil olmamaq, Avropa Birliyi ilə saziş imzalamamaq, vergi rejiminə keçməmək kimi addımlar atdıq. Yerli sahibkarlıq inkişaf etsin deyə etdik, yerli istehsal formalaşdımı? Yerli istehsal Gürcüstanda, Ermənistanda olandan daha güclüdür? Əksinə, daha keyfiyyətsizdir. Çünki onların rəqabətli şəkildə fəaliyyət göstərmək üçün zaman ayırmadıq. Mövcud baxışların hamısı dəyişməli, konservativ yanaşmadan imtina edilməlidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, gömrük sistemində şəffaflığın gücləndirilməsi qeyri-leqal iqtisadiyyata qarşı mübarizə tədbirlərinin əsas elementlərindəndir:

“Xüsusilə idxal və ixrac əməliyyatlarında şəffaflığın gücləndirilməsi, uçotun qaydaya salınması, ümumiyyətlə, uçot sisteminin formalaşması bütövlükdə iqtisadiyyatın ağardılması baxımından vacib hədəflərdir. Azərbaycanın orta hesabla illik 10 milyard dollar idxalı var. Bu, sənaye istehlak bazarında olan 10 milyard dollarlıq məhsulun gömrük orqanları vasitəsilə həmin orqanlarda rəsmiləşərək ölkəyə daxil olması mənasına gəlir. Ona görə də həmin məhsulların satılması, sonrakı mərhələdə iqtisadi dövriyyəyə cəlb edilməsi önəmlidir. DGK-da aparılan kadr islahatları da birbaşa şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması məqsədi daşıyır. Bizim gözləntimiz ondan ibarətdir ki, yeni kadr dəyişiklikləri Gömrük Komitəsinin daha çevik fəaliyyət göstərməsinə imkan verəcək. Eyni zamanda gömrük əməliyyatlarında proseduraların sayının azaldılması baxımından vaxta qənaət edilməsinə şərait yaradacaq. Həmçinin ixrac və idxalla məşğul olan iş adamlarının fəaliyyətini asanlaşdıracaq. Bir sıra ölkələrdə gömrük xidmətləri fiskal qurumun yanında fəaliyyət göstərir, bəzi ölkələrdə isə ayrıca komitədir. Azərbaycanda da belədir”. 

Millət vəkili Fazil Mustafa isə Gömrük Komitəsini ləğv etməyin dövlətin sütununu, budağını kəsmək kimi bir şey olduğunu vurğulayıb:

“Dövlət Vergi Xidməti və Gömrük Komitəsi dövlətin əsas gəlir gətirən orqanları sırasındır. Ona görə də onu aşağı struktura çevirməyin mənası yoxdur. Münasibətlər sistemi başqa formada qurulmalıdır. Bütün sahələr bir-birilə əlaqəlidir və hamısında müəyyən gerçək islahatlar keçirmək lazımdır. Bu, iqtisadiyyatı sağlamlaşdıra bilər. Gömrükdə fərqli yol izlənməlidir, sahibkarlarla normal münasibət qurulmalı və ölkəyə zəruri malların gəlib-getməsinin qadağan olunmasıyla bağlı bir sıra müddəalar yumşaldılmalıdır. Çünki hədsiz məhdudlaşdırma böyük problemlər yaradır. Ortada təkliflər olduqdan sonra onları həyata keçirmək mümkündür. Dövlət başçısı da kölgə iqtisadiyyatının azaldılması istiqamətində fikirlərini söylədi. Burada gömrüyün rolu önəmlidir. Sadəcə özəlləşdirməni gücləndirmək lazımdır ki, dövlətin yükü azalsın, ondan sonra gömrük normal fəaliyyət göstərəcək və hər kəs öz üzərinə düşən rüsumu rahatlıqla ödəyəcək”.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir