Gənc Mühasiblər İctimai Birliyi tərəfindən ölkədə ilk dəfə “Mühasiblərin Karyera Forumu” keçirilib.
Oxu.Az xəbər verir ki, ilk dəfə keçirilən “Mühasiblərin Karyera Forumu” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.
Daha sonra forumun ilk paneli Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın moderatorluğu ilə başlayıb. Birinci paneldə Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin müdiri Səbuhi Qənbərzadə, Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda Sosial Sərmayələr üzrə rəhbəri Xalid Rəcəbov, Dövlət Vergi Xidməti vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov, Maliyyə Nazirliyinin baş məsləhətçisi Arif Şıxəliyev öz çıxışları ilə forum iştirakçılarının marağını cəlb ediblər.
İkinci panel Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevin moderatorluğu ilə başlayıb. Mühasiblərin təhsili ilə bağlı bir sıra məsələlərin müzakirəsində DİM strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, vergi mütəxəssisi Anar Bayramov, BMU iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Elsevər İbadov, UNEC Maliyyə və mühasibat fakültəsinin dekanı i.e.n., dos. Hafiz Hacıyev, Azərbaycan Dövlət Aqrar Universiteti, Mühasibat Uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev vacib məqamlara toxunaraq çıxış ediblər. Panelin sonunda mühasib peşəsini uğurla icra etmiş, Vətən müharibəsi zamanı şəhid olmuş Mürsəl Kazımlı haqda videoçarx nümayiş olunub, valideynlərinə fəxri fərman təqdim edilib.
Forumun üçüncü və rəsmi hissənin son panelində isə mühasiblərin karyera və iş imkanları, mövcud çətinliklər və həll yolları müzakirə edilib. Bu paneldə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov,“Aztelekom”un maliyyə direktoru Kəmaləddin Quliyev, Dövlət Məşğulluq Agentliyinin əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov, AZEL-İŞ LTD-nin direktoru Azər Göyüşov çıxış ediblər. Rəsmi hissənin sonunda isə kursları bitirən iştirakçılara sertifikatları təqdim olunub.
Rəsmi hissə bitdikdən sonra Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə mühasiblər üçün əmək yarmarkası təşkil edilib. Əmək yarmarkasına bir çox şirkət öz stendlərini yerləşdirərək işaxtaran mühasiblərin müraciətlərini qəbul edib.
Forum zamanı mühasiblərin işə qəbulu və iş zamanı qarşılaşdıqları problemlər, iş fəaliyyətində onlara kömək olacaq məqamlara toxunulub. Həmçinin, gənc mühasiblərin gələcək karyeralarında faydalana biləcəkləri məlumatlar da bölüşülüb. İştirak edən mühasiblər öz suallarını ünvanlayaraq onlara iş həyatında çətin gələn məqamların cavabını tapıblar. Forumda dövlət qurumları, özəl sektorun nümayəndələri, şirkətlər, maliyyə – mühasibatlıq sahəsində ekspertlər, HR üzrə mütəxəssislər, universitet nümayəndələri və layihə çərçivəsində nəzərdə tutulan təlimləri bitirmiş tələbələr iştirak ediblər. Forumda 100-ə yaxın gəncin işə qəbulu üçün şirkətlər əmək yarmarkasına dəvət olunublar.
Həmçinin Gənc Mühasiblər İctimai Birliyinin əməkdaşlıq etdiyi Dövlət İmtahan Mərkəzinin ekspert və əməkdaşlarına da Mühasiblərin Karyera Forumuna göstərdikləri dəstək üçün təşəkkür edilib.
Qeyd edək ki, bu Forum bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aztəminatlı, şəhid ailəsindən olan gənclər və qazilər, müharibədə zərər çəkmiş region gənclərindən ibarət kurs keçmiş mühasiblərin, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq təlimçi kimi yetişdirilən gənc mühasiblərin, Dövlət Məşğulluq Agentliyinin “əməliyyatçı-mühasib” peşə hazırlığı kursu çərçivəsində mühasibatlıq üzrə kurs bitirmiş tələbələrin iştirakı ilə təşkil edilib.
Bu layihələr çərçivəsində aztəminatlı, şəhid ailəsindən olan gənclər və qazilər, yeni məzun olmuş və işsiz vətəndaşlara, xüsusilə də gənclərə maliyyə, mühasibatlıq kursları keçirilməsi, onların kadr kimi yetişdirilməsi, daha sonra onların işlə təmin olunmasına dəstək göstərilməsi nəzərdə tutulub. Həmçinin ölkənin təcrübəli kadr ehtiyatının artırılmasına dəstək olmaq məqsədilə bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafı ilə əlaqədar bu Təcrübə Mərkəzində təcrübə qazanıb, müxtəlif təlimlərə qoşularaq nəzəri və praktiki biliklərini gücləndirməkdir.
www.RIA24.az