İqtisadi tənəzzülün dərinləşdiyi “Köhnə qitə”, böhranı fürsətə çevirmək potensialına malik Azərbaycan – ŞƏRH

İqtisadiyyat

Bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) pandemiyası faktiki olaraq iqtisadi və siyasi proseslərin istiqamətini dəyişmişdi. Məhz pandemiyanın təsiri bir çox ölkələrin ciddi iqtisadi geriləməsinə səbəb oldu.

Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan da bu təsirlərdən kənarda qalmayıb. Amma Azərbaycan hökumətinin atdığı addımlar bu neqativ təsirlərin qarşısını effektiv şəkildə almış oldu.

Belə ki, beynəlxalq hesabatlara görə, avrozonada 2019-cu ildə 1,5%-lik inkişaf olduğu halda 2020-ci ildə 6,9% geriləyib. 2021-ci ildə müvafiq olaraq 5,1%-lik irəliləyiş olub. 2022-2023-cü illərdə isə bu irəliləmənin azalaraq müvafiq olaraq 2,7% və 1,2% olacağı proqnozlaşdırılır. Bunun fonunda Asiya İnkişaf Bankının açıqladığı son hesabata görə, 2022-ci ildə Azərbaycanda 3,7%-lik, 2023-cü ildə isə 2,8%-lik iqtisadi inkişaf olacaq.

Rəsmi məlumatlara görə, pandemiya səbəbindən qapanmamalara gedilməsi Avropa İttifaqı ölkələrinin ÜDM-nin ortalama 30-50% civarında azalmasına səbəb olub. Həmçinin bu, idarəetmə keyfiyyətini 35-45%, turizmi isə 15-25% zəiflədib. 2020-ci ilin ortalarında aparılmış hesablamalara görə, Avropada o qədər də ciddiyə alınmayan pandemiya təsirlərini aradan qaldırmaq üçün Aİ ölkələrinin 750 milyard avroya ehtiyacı var. Avropa Komissiyasının hesablamalarına görə, pandemiya Aİ ölkələrinin iqtisadiyyatının təxminən 8,7%-lik geriləməsinə səbəb olacaq. Amma bu, İttifaqa daxil olan 27 ölkənin hamısında eyni deyil. Belə ki, həmin göstərici Fransada 10,6%, Portuqaliyada 9,8%, İtaliyada 11,2%, İspaniyada 10,9%, Xorvatiyada 10,8%, Portuqaliyada 9,8% və Yunanıstanda 9%-dir.

Avropa İttifaqının ötən ay açıqladığı son hesabata görə, koronovirus pandemiyasının zərər vurduğu Aİ ölkələrinin bərpası üçün təxminən 2022-ci ilə 672,5 milyard avro vəsaitə ehtiyac var. Bu vəsaitin də 360 milyard manatlıq hissəsi kredit şəklində, 312,6 milyard avroluq hissəsi isə qrant şəklində veriləcək.

Avropa ölkələrinin iqtisadiyyatına mənfi təsir edən əsas amillərdən biri də fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibədir. Nəzərə alsaq ki, hər iki ölkə dünyanın ən iri buğda təchizatçısıdır, o zaman bu müharibənin təkcə Rusiya və Ukrayna deyil, bütün dünya iqtisadiyyatına mənfi təsir etməsini anlamış olarıq.

Azərbaycan bu prosesdə də doğru qərar verməyi bacardı. Ölkədə taxıl, xüsusən də buğda qıtlığının aradan qaldırılması üçün addımlar atılmağa başlanıb. Ölkədə buğda ehtiyatının artırılması və həmçinin idxal prosesinin sadələşdirilməsi, idxalçılar üçün müəyyən vergi və güzəştlərin təyin edilməsi də bu prosesin sürətləndirilməsinə xidmət edir.

Həmçinin nəzərə almaq lazımdır ki, məhz 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi də pandemiya dövrünə düşdü. Həm iqtisadi, həm siyasi, həm də bir sıra xarici təsirlərə baxmayaraq, Azərbaycan hər iki düşmənə qarşı mübarizədən qalib çıxdı. Cəmi 44 gün ərzində 28 illik işğala son qoyulması və ərazi bütövlüyünün bərpası dövlətdə iqtisadi qüdrət tələb edir. Məhz Ali Baş Komandanın liderliyi altında azad edilən torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri başlayıb. Bu işlərin nəticəsidir ki, Şuşa şəhəri azad edildikdən 38 gün sonra orada Azərbaycan işığı yanıb. Həmçinin minatəmizləmə prosesləri ilə eyni vaxtda Qarabağda doqquz yarımstansiya tikilib, min kilometrlərlə elektrik xətləri, yollar çəkilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseynli “Report”a açıqlamasında bildirib ki, qlobal miqyasda yaşanan iqtisadi böhrana baxmayaraq Azərbaycanda irəliləyiş baş verib:

“Bildiyimiz kimi, nüfuzlu beynəlxalq maliyyə qurumları dünya iqtisadiyyatı üçün artım templərinə dair proqnozlarına yenidən baxırlar və artım tempini aşağı salırlar. Məsələn, Beynəlxalq Valyuta Fondu tərəfindən qlobal artımın 2021-ci ildə təxmin edilən 6,1 faizdən 2022-ci ildə 3,6 faizədək azalacağı proqnozlaşdırılır. Çünki dünya iqtisadiyyatı postpandemiya dövrünə qədəm qoymamış yeni problemlərlə üzləşib. Belə ki, Rusiya-Ukrayna savaşı, sanksiyaların tətbiqi qlobal miqyasda iqtisadi artıma mənfi təsir edir. Dünya əmtəə bazarlarında qiymət volatilliyinin artımı, təchizat zəncirində yaranan problemlər ərzaq böhranını dərinləşdirir. Hətta son vaxtlar dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi və qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması fonunda yeni iqtisadi böhranın astanasında olmağımızla bağlı proqnozlar verilir”.

Qlobal miqyasda yaşanan iqtisadi problemlərə baxmayaraq 2022-ci ilin ilk altı ayının nəticələri göstərir ki, Azərbaycanda ÜDM 6,2 faiz artıb. Xüsusən də qeyri neft-qaz ÜDM-də artım 9,6 faiz olub. R.Hüseynlinin sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan digər ölkələrlə müqayisədə dünya iqtisadiyyatının üzləşə biləcəyi növbəti böhrana da hazırlıqlıdır:

“Doğrudur, dünya kapital bazarının çökməsi bütün ölkələrin iqtisadiyyatına bu və ya digər dərəcədə təsir edəcək. Amma son 15 ildə qlobal miqyasda baş verən böhranların ölkəmizə təsirini təhlil edəndə aydınlaşır ki, Azərbaycanda buna immunitet yaranıb. Ölkəmizin iqtisadiyyatı 2021-ci ildə COVID-19 pandemiyasının və aşağı neft qiymətlərinin təsirlərini aradan qaldırmaqla bərpa olunmağı bacardı. Onun üçün də deyə bilərik ki, ölkəmiz milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab verəcək”.

Bütün sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal miqyasda gözlənilən növbəti böhranı da fürsətə çevirmək potensialına malikdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir