Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, “Azərişıq” ASC, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bankla birlikdə 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.
Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi və ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.
www.RIA24.az