KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir

Bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində mikro və kiçik sahibkarlar da məhsul və xidmətlərini təqdim edirlər. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış xüsusi stenddə 12 mikro, kiçik və orta sahibkarlıq subyektinin meyvə və tərəvəz, çörək və un məmulatları, qurudulmuş meyvələr və çipslər, təbii otlar və ədviyyatlar, göbələk, bal, zəfəran, souslar, süd və süd məhsulları, meyvə şirələri, gübrələr və s. məhsulları sərgilənir.

Bakı, Abşeron, Gəncə, Qazax və Göyçayı təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər. 

Həmçinin KOBİA-nın stendində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi layihə çərçivəsində Balakən, Zaqatala və Qax rayonlarından olan 23 sahibkarlıq subyektini əhatə edən “Yurdumun ləzzəti” brendi altında istehsal olunan məhsullar sərgilənir. 

KOBİA həmçinin “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

İlhamə Əbülfət

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.