Yevlaxda itlə gəzən şəxslər polis tərəfindən saxlanılıblar, bu zaman onlar pitbul cinsli iti polislərin üzərinə qısqırdıblar.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Bakıxanov küçəsində baş verib.
İttihama görə, gecə saat 03 radələrində it ilə küçədə piyada hərəkət edən şəxsləri görən polis əməkdaşları onlara yaxınlaşıblar. Bu saatlarda onların küçədə və itlə gəzməsinin şübhəli olduğunu bildirən polislər həmin şəxsləri sorğu-sual edib, şəxsiyyətlərini müəyyən etməyə, küçədə hansı məqsədlə olmalarına aydınlıq gətirməyə çalışıblar. Bu zaman həmin şəxslər mübahisə yaradaraq xidmət başında olan əməkdaşların tələblərinə qarşı çıxıblar. Onlar yanlarında olan pitbul cinsli iti polislərin üzərinə qısqırdıblar.
Bundan sonra ərazidəki polislərin köməkliyi ilə həmin şəxslər saxlanılıblar. Polis şöbəsinə gətirilən şəxslərin Yevlax şəhər sakinləri: 1988-ci il təvəllüdlü E. Kazımov və 1995-ci il təvəllüdlü F.Quliyev olması müəyyən edilib. Onların barəsində protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə F.Quliyevə 8, itin sahibi olan E.Kazımova isə 15 sutka inzibati həbs cəzası verilib.
www.102info.az