“Rent a car” şirkətindən icarəyə götürdüyü “Chevrolet Cruze” markalı avtomobillə xalasının qonşusunun evindən fındıq oğurlayan şəxslə bağlı məhkəmə qərar verib.
“Qaynarinfo” xəbər verir ki, 2000-ci ildə Balakən rayonu, Qazma kəndində anadan olan Zabil (şərti ad) həyat yoldaşı və uşaqları ilə birlikdə 2018-ci ildən Bakıda yaşayıb və burada çalışıb. O, “rent a car” şirkətindən “Chevrolet Cruze” markalı avtomobil icarəyə götürərək, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə doğulduğu Qazma kəndində yaşayan nənəsini və əmisini ziyarətə gedib.
O, rayonda xalası Rənaya da baş çəkmək istəyib və hər şey bundan sonra başlayıb. Belə ki, xalasıgilə gəldikdən sonra qonşu həyətin qapısında qıfıl olduğunu görüb, həmin evdə heç kimin olmadığını başa düşüb və oradan oğurluq etmək qərarına gəlib. Evin mətbəxinin pəncərəsindən içəri daxil olarkən yerə sərilmiş vəziyyətdə fındıq olduğunu görüb. O, fındığı 3 sintetik kisəyə doldurub, mətbəxdə gördüyü “Samsung S4” markalı telefonu və üzərində dollar şəkli olan daxılı (içərisində 20 manatdan çox qəpiklər olub) götürüb.
Zabil oğurladığı fındığı icarəyə götürdüyü avtomobilə yükləyib və Balakən şəhər bazarına yollanıb. Bazarda 150 kq olan fındığı satıb. Daha sonra ərazidəki yanacaqdoldurma məntəqəsində evdən oğurladığı qəpiklərlə maşına benzin vurub. “Samsung S4” markalı telefonu isə Bakı şəhərinə çatdıqdan iki gün sonra metronun “Neftçilər” stansiyasının yanındakı telefon mağazalarının birinə 25 manata satıb.
Məhkəmə onunla bağlı yanvarın 11-də qərar verib. Qərara əsasən, təqsirləndirilən şəxs 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az