Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevlə birgə “N” saylı hərbi-hissədə gizir kimi xidmət etmiş Elsevər Niftəliyev də cinayət məsuliyyətinə cəlb olunub.
APA xəbər verir ki, Elsevər Niftəliyev Zahid Niftəliyevin sifarişi ilə ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil etməyə görə müxtəlif məbləğlərdə rüşvət alıb.
Elsevər Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onun barəsində istintaq dövründə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl iş üzrə ibtidai istintaq başa çatıb. Elsevər Niftəliyev Tərtər Hərbi Məhkəməsində Zahid Niftəliyevlə birgə mühakimə olunacaq.
Qeyd edək ki, Elsevər Niftəliyev 2019-cu ildə dələduzluq və rüşvət verməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 2 min manat cərimə cəzasına məhkum edilib.
Xatırladaq ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan baş zabit həm də Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi.
www.102info.az