Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Bayramovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
V.Bayramov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, həyat yoldaşı Ayşə Bayramovanı öldürmək niyyətində olmayıb:
“Əvvəllər ailəli olmuşam. İlk evliliyimdən 2 uşağım var. Ayşə ilə Nərimanovda geyim mağazasında tanış oldum. Mütəmadi olaraq münasibətlərimiz davam etdi və ailəm bundan xəbər tutdu, ilk həyat yoldaşımdan boşandım. Daha sonra Ayşə ilə rəsmi nikaha daxil oldum. Mərhumla 6 il evli oldum və 1 uşağımız dünyaya gəldi.
Mən geyim mağazasında çalışırdım. İşimlə bağlı evi satası oldum, Ayşəni isə nənəsigilə apardım. Bundan sonra aramızda soyuq münasibətlər yaranmağa başladı. O, açıq-saçıq geyimlər geyinməyə başladı. Mən nənəsinə zəng edəndə bildirdi ki, Ayşə tez-tez gecəyarı evdən çıxıb səhərə yaxın qayıdır. Nəhayət, sonuncu dəfə onun telefonda başqası ilə danışıb, yazışmasını gördüm. Soruşanda isə özünə haqq qazandırmağa çalışdı. Övladım isə digər otaqda idi. Ayşənin saçından tutanda məni təhqir etdi. Onun sözlərindən hiddətləndim, sonra bıçaqla arvadımın ürək nahiyəsindən zərbələr endirdim. Onu bıçaqlayandan sonra sanki ayıldım”.
Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü V.Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü A.Bayramovanı öldürməkdə şübhəli bilinir.
V.Bayramov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
www.102info.az