“Zaminbank”ın həbsdə olan keçmiş rəhbəri Nadir İsmayılovun cəzası azaldılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib. Hakim Mirəzli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, tanınmış bankirin həbs müddəti 14 ildən 10 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72,3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Beş milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır.
Qeyd edək ki, iş üzrə zərərçəkmişlər arasında “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov və məşhur skripkaçı Ceyhun İsmayılov da olub.
Bundan başqa, Nadir İsmayılovun aşağıdakı əmlakları da müsadirə edilib:
– Bakı şəhəri, Nəsimi rayonunda yerləşən iki mənzil;
– Bakı şəhəri, Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi;
– Bakı şəhəri, Xətai rayonunda yerləşən 0,3809 kv.m və 0,0804 hektar torpaq sahəsi;
– Bakı şəhəri, Xətai rayonunda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi;
– Ailə üzvlərinə məxsus mənzil;
– Ailə üzvlərinə məxsus fərdi yaşayış evi;
– Ailə üzvlərinə məxsus 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
– “Jeep Wrangler”, “Mercedes Benz S500”, “Bentley Continental” və “Mercedes Benz G63 AMG” markalı avtomobillər.
www.102info.az