Bakıda tanışı Əfqan Qədəşovu qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Zülalovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib.
Səbuhi Zülalov ifadəsində deyib ki, hadisə ötən il sentyabrın 26-da gecə saatlarında baş verib:
“Əfqanla düşmənçiliyim olmayıb. 4 ay dost kimi olmuşuq. İçkili idik və söyüşə görə davamız düşdü. Parkda 15 dəqiqə oturub söhbət etdik. Səhər ad günüm idi. Aramızda mübahisə oldu. Burnum da sındı, onlar hamısı düzələn şeydir. Əfqan təzədən skamyadan qalxandan sonra mənə dedi ki, “gedək, səhər ad günündür, səhər işimiz çoxdur”. Durandan sonra qayıdıb dedi ki, “Bilirsən nə var? Nə demişəm, nə söymüşəm, düz eləmişəm.” Ondan sonra bıçaqdan istifadə etdim. Onu vurduqdan sonra Əfqan qaçıb təndir dükanına girdi. Orada da mübahisəmiz oldu. Həmin parkın yanında təcili yardım var imiş. Gəlib gördüm ki, artıq təcili yardım çağırıblar. Onu xərəyə qoydular, özüm də maşına mindim, xəstəxanaya getdik. Lakin biz xəstəxanaya çatanda Əfqan keçindi”.
Təqsirləndirilən şəxs söyləyib ki, mərhum ona ailə söyüşü söyüb:
“Əfqanı başa saldım ki, öz zarafatımız var, başqa şey, ailə söyüşü götürmürük. Yəni heç bir şəxs götürməz. Onun yerində mən də ola bilərdim. Vurmuşam ki, sabah, yəni bu adam çıxandan sonra nə olacağını bilmirəm. Bu adam təzədən mübahisəsini mənimlə davam etdirə bilər. Əfqan ailə üzvlərim haqqında söyüş söymüşdü. Məhkəmə zalı olduğu üçün deyiləsi söz deyil. Nəsil, var-yox, ana barədə söyüşlər idi.
Bir daha deyirəm birinci Əfqan məni vurmuşdu, 3 yerdən sınıqlarım vardı. Nəfəs almağımda da problem var. Telefonla da polis əməkdaşı ilə danışmışdım, xahiş etmişdilər ki, gözləyim. Mən də polisləri gözlədim. Əməlimdən peşmanam”.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 26-da paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Səbuhi Zülalov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Zülalov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az